Nə üçün məktəblərin açılması, təhsilin təşkili problemə çevrilib? İndiki anda Təhsil Nazirliyi keyfiyyətli interneti və kompüterləri haradan əldə edə bilər? Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) təhsilin təşkili üçün hazırda hansı addımları ata bilər?
Teleqraf.com xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu suallar ətrafında öz təkliflərini verib.
O bildirib ki, bir sıra ölkələr bununla bağlı qərarlarını veriblər:
“Əsasən distant və hibrid (Əyani + Distant) formada təhsilin təşkili üzərində dayanıblar. Hər iki halda tədrisin təşkili üçün texnoloji platforma və texniki avadanlıqlar zəruri şərtdir.
Yəni hər iki təhsil forması üçün keyfiyyətli internet əlçatan, təhsil alan və təhsil verənlərin kompüterlərlə təminatı olmalıdır. Əlavə olaraq rəqəmsal tədris resursları və bacarıqlar yetərli olmalıdır.
Keyfiyyətli internet və texniki-texnoloji təminatla bağlı Azərbaycanda ciddi problemin olmasını hökumət də, Təhsil Nazirliyi də bilir. Kəndlərin əksəriyyətində keyfiyyətli internetə əlçatanlıq yoxdur. Statistikaya görə, əhalinin 50%-i kəndlərdə yaşayır. Ailələrin kompüterlərə təminatı da yetərli deyil. Düşünürəm ki, məhz bu səbəbdən hökumət və Təhsil Nazirliyi təhsilin təşkilinin forması ilə bağlı çətinliklə üzləşiblər”.
Ekspert deyir ki, zamanında buraxılan səhvlər və imkanlar indi cəmiyyəti ciddi problemlə üz-üzə qoyub:
“Statistikadan görmək olar ki, ən azı 50% məktəblərin yerləşdiyi ərazilərdə normal internet yoxdur. Vaxtilə, 6-7 il öncə bu problemi həll etmək üçün 0.5 milyard manat büdcəsi olan bir Dövlət Proqramı hazırlanmışdı, Neft Fondundan maliyyələşəcəkdi. Bu proqram obyektiv-subyektiv səbəblərdən dəstəklənmədi. Düşünürəm ki, NRYTN təcili bu məsələyə yenidən qayıtmalı, Proqramı yeniləməli, bütün maraqlı tərəfləri, özəl provayderləri cəlb etməli, təkliflər toplanmalı, “Kəndlərə optika” dövlət proqramını hazırlamalı və dəstək üçün Prezidentə müraciət olunmalıdır.
Hər bir rayon üzrə genişzolaqlı internet infrastrukturunun qurulması istiqamətində tədbirlər planı hazırlanmalı, özəl provayderlər bu işə cəlb olunmalıdır.
Fikrimcə, indiki halda biz ancaq zaman itiririk, təhsilin təşkili məsələsi keyfiyyətli internet infrastrukturu qurulmadan mümkünsüzdür.
Ümumiyyətlə, dünyanın gedişatı da bir daha onu göstərir ki , biz təcili olaraq bu sahələrə investisiya ayırmalı və təkcə təhsilin deyil, bütün dövlət xidmətlərinin ölkə üzrə əldə olunmasını həll etmək üçün keyfiyyətli və dayanıqlı internet infrastrukturunu qurmalıyıq”.
Osman Gündüz təklif edir ki, müəllim və şagirdlərə kompüterlər və notbuklar verilməlidir:
“Hazırda məktəblərdə, universitetlərdə və digər təhsil müəssisələrində minlərlə normal vəziyyətdə olan kompüterlər və notbuklar var ki, COVID-19-la bağlı istifadəsiz qalıb. Düşünürəm ki, bu avadanlıqları müəllimlərə və şagirdlərə müvəqqəti olaraq vermək mümkündür. Vəziyyət normallaşanda kompüterlər geri alına bilər.
Digər tərəfdən, Təhsil Nazirliyi əlavə olaraq yeni kompüter və digər avadanlıqlar alınması üçün təcili hökumətdən kömək istəməli və bu məqsədlə beynəlxalq qurumlara, səfirliklərə da müraciət etmək faydalı olardı.
Həmçinin, Təhsil Nazirliyi və NRYTN ölkənin İT şirkətləri və mobil operatorları ilə birgə görüş təşkil etməli , güzəştli şərtlərlə İT avadanlıqlar və mobil internet paketləri əldə etmək üçün onlara müraciət olunmalıdır.
Ən nəhayət, fikrimcə, təhsilin keyfiyyətli formada təşkili üçün indiki anda maraqlı tərəflərin iştirakı ilə hökumət səviyyəsində toplantının keçirilməsi da faydalı olardı”.