BAKI, 10 iyun. TELEQRAF

“Bu layihə uşaqların həm psixoloji, həm də fiziki sağlamlığının qorunmasına xidmət edir. Sevindirici haldır ki, təhsillə bağlı rəqəmsal platformalar bu məhdudiyyətlərin əhatə dairəsinə daxil edilmir. Bildiyimiz kimi, “Rəqəmsal Məktəb” öyrədici və təhsil yönümlü platformadır. Təhsilə xidmət edən sosial və rəqəmsal platformaların istisna tutulması müsbət yanaşmadır”.

Teleqraf xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İnzibati Xətalar Məcəlləsi”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik layihəsinin ictimai müzakirəsində bildirib.

V.Yaqublu qeyd edib ki, artıq üç ildir ki, şagird davranış qaydaları bütün məktəblərdə tətbiq olunur:

“Bu ildən etibarən isə məktəblərə ağıllı telefon gətirilməsi qadağan edilib. Şagirdlər yalnız adi mobil telefonlardan istifadə edə bilərlər. Bu qərarın müsbət nəticələri artıq müşahidə olunmağa başlayıb.

Rəqəmsal bacarıqların artırılmasını sosial şəbəkələrdən istifadə ilə eyniləşdirməməliyik. Təhsil sistemi olaraq üzərimizə düşən vəzifə uşaqları informasiyadan tamamilə təcrid etmək deyil. Əksinə, onları müzakirələrə cəlb etməklə düzgün seçimlər etməyə və sağlam qərarlar verməyə yönləndirməliyik”.