BAKI, 6 oktyabr. TELEQRAF

Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin maddi həvəsləndirilməsi təklif olunur. Qanun layihəsinə əsasən, verilmiş məlumat öz təsdiqini taparsa, məlumat verən şəxsə təşkilatın büdcəsi hesabına maddi mükafat ödəniləcək.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin payız sessiyası üzrə birgə keçirilən iclasında əksini tapıb.

Mükafatın məbləği minimum əməkhaqqı məbləğinin 25 mislindən (10 min manatdan) çox ola bilməyəcək. Məbləğ müəyyən edilərkən hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın korrupsiyanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.

Həmçinin korrupsiya barədə məlumat verən şəxslərin anonimliyi qorunacaq

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin kimliyinin qorunması qanun layihəsində ayrıca təminat kimi müəyyən edilir.

Layihəyə görə, məlumat verən şəxs özü barədə məlumatların açıqlanmasını istəmədikdə, aidiyyəti qurumlar onun şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatların konfidensiallığını təmin etməlidirlər. Belə məlumatlar, bir qayda olaraq, yalnız şəxsin yazılı razılığı ilə açıqlana bilər.