BAKI, 6 oktyabr. TELEQRAF
Azərbaycanda rəqəmsal mühitdə şəxslərin hüquqlarının qorunması və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yeni qanun layihəsi hazırlanıb.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin payız sessiyası üzrə birgə keçirilən iclasında əksini tapıb.
Layihədə şəxsi məlumatların qorunması, informasiya sistemlərinin təhlükəsizliyi, kibertəhdidlərin qarşısının alınması və rəqəmsal xidmətlərdən istifadə zamanı təhlükəsizlik tələblərinin müəyyən edilməsi nəzərdə tutulur.
Sənəddə dövlət qurumlarının, təşkilatların və digər informasiya sistemləri operatorlarının rəqəmsal təhlükəsizlik sahəsində məsuliyyətlərinin müəyyənləşdirilməsi təklif olunur.
Layihənin qəbul edilməsi rəqəmsal xidmətlərdən istifadə edən şəxslərin hüquqlarının daha effektiv qorunmasına və informasiya təhlükəsizliyinin artırılmasına xidmət edəcək.