BAKI, 6 oktyabr. TELEQRAF
İstehlakçıların hüquqlarının daha effektiv müdafiəsi və onların aldığı mal və xidmətlər barədə düzgün məlumatlandırılması məqsədilə yeni qanun layihəsi hazırlanıb.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin payız sessiyası üzrə birgə keçirilən iclasında əksini tapıb.
Layihədə satıcı və xidmət göstərən şəxslərin istehlakçıya məhsulun qiyməti, keyfiyyəti, xüsusiyyətləri və istifadə qaydaları barədə dolğun məlumat verməsi ilə bağlı tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Sənəddə keyfiyyətsiz və ya müqavilə şərtlərinə uyğun olmayan məhsullarla bağlı istehlakçıların hüquqlarının qorunması, şikayətlərin araşdırılması və pozulmuş hüquqların bərpası mexanizmlərinin təkmilləşdirilməsi də nəzərdə tutulur.
Qanun layihəsinin əsas məqsədi istehlakçı ilə sahibkar arasında münasibətlərdə şəffaflığın və hüquqi təminatların artırılmasıdır.