BAKI, 5 oktyabr. TELEQRAF

Prezident İlham Əliyev “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Teleqraf xəbər verir ki, dəyişikliklərlə övladlığa götürmə prosesində uşaqla tanışlıq və adaptasiya müddətləri azaldılaraq prosedur daha da optimallaşdırılıb.

Yeni qaydalara əsasən, valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə müəssisədə görüş müddəti 2 aydan 1 aya, saat hesabı isə ayda ən azı 40 saatdan azı 20 saata endirilib.

Eyni zamanda, 0–1 yaşınadək uşaqlara münasibətdə tanışlıq müddətinin qısaldılması qaydasına dəyişiklik edilib. Əvvəlki qaydada bu müddət 20 gün ərzində 12 saatadək endirilə bilərdisə, yeni Fərmana əsasən, 3 gün müddətində 10 saatadək qısaldıla bilər.

Sosial işçinin müşahidə saatlarında da dəyişiklik edilib. Əvvəllər sosial işçi hər ay ərzində 8 saatdan az olmayaraq müşahidə aparırdısa, bundan sonra 1 aylıq tanışlıq müddətində 10 saatdan az olmamaqla, qısaldılmış müddət tətbiq olunduqda isə bütün proses boyunca müşahidə aparacaq.