BAKI, 12 avqust. TELEQRAF
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana səfərləri bu qədim və strateji əhəmiyyətli bölgənin sosial-iqtisadi inkişafının, təhlükəsizliyinin, enerji potensialının və nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin mühüm göstəricisidir. Dövlət başçısının 11 avqust 2026-cı ildə Naxçıvana növbəti səfəri də regionun gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, mühüm infrastruktur layihələrinin təməlinin qoyulması və şəhərin gələcək inkişafına dair mühüm məsələlərin nəzərdən keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bunu Teleqraf-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev Naxçıvanın inkişaf perspektivləri, müdafiə və təhlükəsizlik məsələləri, sənaye və energetika layihələri, kənd təsərrüfatı, məşğulluq, sosial infrastruktur, turizm və nəqliyyat sahələrində dövlət siyasətinin əsas istiqamətlərini diqqətə çatdırıb:
“Müsahibə Naxçıvanın Azərbaycanın vahid iqtisadi, sosial və təhlükəsizlik məkanının ayrılmaz hissəsi kimi gələcək inkişafına dair aydın baxış ortaya qoyub. Prezident İlham Əliyevin Naxçıvana səfəri dövlət başçısı kimi bu qədim diyarımıza 17-ci səfəridir. Bu, Naxçıvanın Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu və bölgənin inkişafının ardıcıl dövlət siyasəti ilə təmin edildiyini göstərir.
Prezident Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayıb. Bu məqsədlə yeni istehsal müəssisələrinin yaradılması, sənaye potensialının genişləndirilməsi, sosial infrastrukturun yenilənməsi, məşğulluğun artırılması, kənd təsərrüfatının və turizmin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Bu inkişafın şəhərsalma baxımından uzunmüddətli əsaslarını müəyyən edən mühüm sənədlərdən biri Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plandır. Səfər zamanı Prezident İlham Əliyevin Baş Planla tanış olması Naxçıvan şəhərinin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsinə, infrastrukturun yenilənməsinə və şəhərin gələcək inkişaf perspektivlərinin sistemli şəkildə müəyyənləşdirilməsinə dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir. Naxçıvanın coğrafi mövqeyi onun Azərbaycanın milli təhlükəsizlik sistemində xüsusi yer tutmasını şərtləndirir. Bu səbəbdən bölgənin müdafiə potensialının gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu vurğulayaraq, ölkəmizin hərbi qüdrətinin və müdafiə imkanlarının yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Naxçıvanın təhlükəsizliyinin təmin olunması ilə yanaşı, burada yaşayan insanların rahat və firavan həyatının təmin edilməsi də dövlət siyasətinin əsas məqsədlərindəndir.
Səfər çərçivəsində Ali Baş Komandan İlham Əliyevin Əlahiddə Ümumqoşun Orduda yeni yaradılmış komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirakı da Naxçıvanın müdafiə potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm göstəricisidir. Müasir hərbi infrastrukturun yaradılması və komando birləşmələrinin imkanlarının artırılması bölgənin təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir”.
Komitə sədri vurğulayıb ki, səfər zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması bölgənin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcıdır:
“Sənaye Parkının yaradılması müasir istehsal sahələrinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, yerli resurslardan səmərəli istifadə və yeni iş yerlərinin yaradılması baxımından mühüm imkanlar açacaq. Xüsusilə məşğulluğun artırılması istiqamətində bu layihənin böyük əhəmiyyəti var.
Sənaye Parkının tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyasının inşa ediləcək olması isə layihənin enerji təhlükəsizliyi baxımından əhəmiyyətini daha da artırır. Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması bölgənin iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına imkan verəcək. Naxçıvanda qazlaşmanın 100 faiz səviyyəsinə çatdırılması əhalinin sosial rifahının yüksəldilməsi və müasir infrastrukturun formalaşdırılması baxımından mühüm nailiyyətdir. Bununla yanaşı, Naxçıvanın Günəş enerjisi potensialı çox böyükdür. Naxçıvanın yaşıl enerji zonası kimi inkişaf etdirilməsi Azərbaycanın dayanıqlı və bərpaolunan enerji siyasətinin mühüm istiqamətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurun da yaşıl enerji zonası kimi inkişaf etdirilməsi ilə yanaşı, Naxçıvanda bərpaolunan enerji imkanlarının genişləndirilməsi qarşıya mühüm vəzifələr qoyur.
Ordubad rayonunun Tivi kəndində gücü 15,6 meqavat olacaq su elektrik stansiyasının layihəsinin gündəmdə olması da bu baxımdan əhəmiyyətlidir. Azərbaycan elektrik enerjisini istehsal edən, qəbul edən, ötürən və ixrac edən ölkə kimi regional enerji təhlükəsizliyində rolunu daha da gücləndirir. Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirdiyi məsələlərdən biri Zəngəzur dəhlizidir. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək ölkəmizin çoxdankı arzusu olub. Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın təşəbbüsüdür və ölkəmiz bu istiqamətdə ardıcıl addımlar atır.
İkinci Qarabağ müharibəsindən ötən beş il ərzində Ermənistan tərəfindən dəhlizin açılması ilə bağlı praktiki addımların atılmamasına baxmayaraq, Azərbaycan öz ərazisində zəruri infrastrukturun yaradılmasını davam etdirib.
Horadiz-Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra beynəlxalq qurumların və ölkələrin bu yola, eləcə də Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərməsi layihənin regional əhəmiyyətini artırır.
Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycandan İrana ikinci dəmir yolu xəttinin yaradılması da mümkün olacaq. Beləliklə, Naxçıvanın regional logistika imkanları genişlənəcək, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövqeyi daha da möhkəmlənəcək.
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında alternativ bağlantıların yaradılması da regionun nəqliyyat imkanlarını genişləndirəcək. Araz üzərində körpünün inşası və İran ərazisindən Naxçıvana nəqliyyat bağlantısının yaradılması bu baxımdan mühüm layihələrdəndir.
Prezidentin vurğuladığı kimi, tarixi həm olduğu kimi bilməli, həm də unutmamalıyıq. Tarixin təhrifinə heç vaxt imkan verməmək milli yaddaşın qorunması baxımından mühüm vəzifədir”.
Siyavuş Novruzov hesab edir ki, Naxçıvan zəngin tarixə, mədəniyyətə və özünəməxsus memarlıq irsinə malik qədim Azərbaycan diyarıdır:
“Bu bölgə Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Ulu Öndərin dövlətçilik irsi və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində tarixi xidmətləri Naxçıvanın ölkənin siyasi tarixindəki xüsusi mövqeyini müəyyən edir.
Səfər zamanı Prezident İlham Əliyevin Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olması, Əcəmi seyrangahında böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirakı Naxçıvanın zəngin memarlıq irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına göstərilən diqqətin bariz nümunəsidir. Möminə xatun türbəsinin bərpası ilə bağlı 2026-cı ilin martında dövlət büdcəsindən 9,566 milyon manat vəsait ayrılması da bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsidir.
Naxçıvanın zəngin tarixi-mədəni irsi onun turizm potensialının da əsasını təşkil edir. Prezident İlham Əliyev bölgənin turizm imkanlarının çox zəngin olduğunu vurğulayıb. Bu potensialın səmərəli istifadəsi yeni iş yerlərinin yaradılmasına və yerli iqtisadi fəallığın artmasına imkan verəcək.
Səfər çərçivəsində yeni “Naxçıvan” Mehmanxana Kompleksinin təməlinin qoyulması da bölgənin turizm infrastrukturunun inkişafına mühüm töhfə verəcək. Müasir mehmanxana kompleksinin yaradılması Naxçıvanın artan turizm potensialından daha səmərəli istifadə olunmasına və xidmət sektorunun inkişafına şərait yaradacaq. Naxçıvanın sosial-iqtisadi inkişafında kənd təsərrüfatının da xüsusi rolu var. Bir neçə ay əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvanın xüsusi yerinin olması bu sahənin inkişafına göstərilən diqqətin göstəricisidir.
Sənaye və kənd təsərrüfatının paralel inkişafı iqtisadiyyatın şaxələndirilməsinə, yerli istehsal imkanlarının genişləndirilməsinə və məşğulluğun artırılmasına xidmət edəcək.
Sosial infrastrukturun yaradılması və bərpası da diqqət mərkəzindədir. Xüsusilə uşaq bağçalarının tikintisi və təmiri istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bu siyasətin əsas məqsədi insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması və sosial xidmətlərin əlçatanlığının artırılmasıdır.
Bu baxımdan Naxçıvan Regional DOST Mərkəzinin açılışı da mühüm sosial layihələrdən biridir. Mərkəzin fəaliyyəti vətəndaşlara sosial xidmətlərin daha çevik və müasir standartlara uyğun göstərilməsinə, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edəcək.
Naxçıvan şəhərinin nəqliyyat problemlərinin həll olunması da şəhərin müasir infrastrukturunun inkişafında mühüm mərhələdir. Şəhər nəqliyyatının müasirləşdirilməsi istiqamətində elektrik mühərrikli yeni avtobusların istifadəyə verilməsi həm nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, həm də ekoloji dayanıqlılığın təmin olunmasına töhfə verir.
Səfər zamanı Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanışlıq da regionun nəqliyyat imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dəmir yolu infrastrukturunun yenilənməsi Naxçıvanın Azərbaycanın əsas hissəsi və region ölkələri ilə nəqliyyat əlaqələrinin daha da gücləndirilməsi üçün mühüm baza formalaşdırır. Prezident İlham Əliyev Naxçıvanın, Qarabağın və Şərqi Zəngəzurun vahid konsepsiya əsasında inkişaf etməsinin vacibliyini vurğulayıb. Bu yanaşma Azərbaycanın bütün bölgələrinin balanslı və dayanıqlı inkişafının təmin olunmasına xidmət edir.
Qarabağ və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin tətbiqindən əldə olunan nəticələr Naxçıvanda da Prezidentin səlahiyyətli nümayəndəliyi institutunun tətbiqinə zəmin yaradıb. Kadr islahatları ilə paralel həyata keçirilən struktur islahatlarının əsas məqsədi idarəetmənin səmərəliliyinin artırılması və regionun inkişafına daha çevik yanaşmanın təmin edilməsidir”.
Milli Məclisin təmsilçisi hesab edir ki, Prezident İlham Əliyevin Naxçıvan səfəri zamanı verdiyi mesajlar və səfər çərçivəsində həyata keçirilən layihələr bu qədim diyarın gələcək inkişafının kompleks və çoxşaxəli xarakter daşıdığını göstərir:
“Sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, sosial infrastruktur, məşğulluq və təhlükəsizlik bir-birini tamamlayan vahid inkişaf strategiyasının əsas istiqamətləridir.
Naxçıvanın inkişafı Azərbaycanın ümumi inkişaf modelinin ayrılmaz hissəsi kimi həyata keçirilir. Xüsusilə Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqələrinin yeni mərhələyə keçməsinə və bölgənin regional iqtisadi imkanlarının genişlənməsinə şərait yaradacaq.
Naxçıvanın inkişafına dövlət dəstəyinin davamlı xarakter daşıması səfərdən sonra atılan praktiki addımlarda da özünü göstərib. 12 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat vəsaitin ayrılması barədə Sərəncamın imzalanması regionun qarşıdakı inkişaf mərhələsinə dövlət tərəfindən verilən yüksək önəmin daha bir göstəricisidir.
Beləliklə, Naxçıvan üçün yeni inkişaf mərhələsi başlayır. Bu mərhələ bölgənin sənaye, enerji, nəqliyyat, turizm və sosial potensialının daha səmərəli reallaşdırılması, müasir şəhərsalma və infrastrukturun formalaşdırılması, müdafiə imkanlarının gücləndirilməsi və tarixi-mədəni irsin qorunması ilə səciyyələnir.
Dövlət siyasətinin başlıca məqsədi Naxçıvanın hərtərəfli inkişafını təmin etməklə yanaşı, burada yaşayan insanların layiqli həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır. Prezident İlham Əliyevin səfər zamanı ifadə etdiyi kimi, əsas hədəf bu qədim diyarın daim inkişaf etməsi, insanların burada rahat, təhlükəsiz və firavan yaşamalarının təmin olunmasıdır”.