BAKI, 2 iyul. TELEQRAF

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin son dövrdə əldə etdiyi dinamika göstərir ki, tərəflər arasında əməkdaşlıq artıq ənənəvi iqtisadi əlaqələr çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kostanın səfərindən sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərinin gündəmə gəlməsi də məhz bu yeni mərhələnin göstəricisi kimi qiymətləndirilməlidir. Bu səfərlər təkcə diplomatik təmaslar deyil, həm də 27 üzv dövləti birləşdirən Avropa İttifaqının Azərbaycanı regionun əsas tərəfdaşlarından biri kimi qəbul etdiyini nümayiş etdirir.

Bunu Teleqraf-a Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O qeyd edib ki, Ursula fon der Lyayen Azərbaycanı açıq şəkildə Avropa İttifaqının strateji tərəfdaşı adlandırdı, ölkəmizin Cənubi Qafqazda sabitliyin təmin edilməsində aparıcı rol oynadığını vurğuladı:

“Eyni zamanda Prezident İlham Əliyevin liderliyi, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı və regionun gələcəyini müəyyənləşdirən əsas aktorlardan biri olması Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin daha da möhkəmləndiyini göstərən mühüm siyasi mesajdır.

Azərbaycan bu gün çox mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, sabitliyi, təhlükəsizliyi və regional əməkdaşlığı təmin edən əsas dövlət kimi çıxış edir. Ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat və logistika imkanlarını güclü enerji infrastrukturu ilə uzlaşdıraraq beynəlxalq ticarətin və enerji təhlükəsizliyinin vacib iştirakçısına çevrilib. Avropa İttifaqının da bu reallığı qəbul etməsi Azərbaycanın uzunmüddətli strateji baxışının düzgün seçildiyini təsdiqləyir”.

Deputat bildirib ki, enerji əməkdaşlığı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas sütunlarından biri olaraq qalır:

“Xüsusilə 2022-ci ildə Avropanın Rusiya qazından asılılığının yaratdığı böhran fonunda Avropa İttifaqının Azərbaycana müraciət etməsi və ölkəmizin qısa müddətdə qaz ixracını təxminən 65 faiz artırması Azərbaycanın etibarlı enerji tərəfdaşı olduğunu bir daha sübut etdi. Bu gün Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan strateji tərəfdaşdır.

Bununla yanaşı, əməkdaşlıq artıq yalnız təbii qazla məhdudlaşmır. Yaşıl enerji sahəsində formalaşan tərəfdaşlıq gələcəyin əsas istiqamətlərindən biridir. Azərbaycanın zəngin külək və günəş enerjisi potensialı, Xəzər dənizinin imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin yaşıl enerji resurslarının Azərbaycan üzərindən Avropaya nəql olunması yeni enerji dəhlizinin formalaşmasına şərait yaradır. Bu baxımdan Ursula fon der Lyayenin enerji ilə yanaşı enerji konnektivliyi üzrə ayrıca tərəfdaşlıq platformasının yaradılması təşəbbüsü gələcəyə hesablanmış strateji yanaşmadır.

İqtisadi əməkdaşlığın göstəriciləri də münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqləyir. Hazırda Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizi Azərbaycanın payına düşür. Bu fakt ölkəmizin region iqtisadiyyatının aparıcı qüvvəsi olduğunu və Avropa bazarı üçün mühüm tərəfdaş kimi qəbul edildiyini göstərir. Avropa İttifaqının ticarət və investisiya əlaqələrini daha da genişləndirmək niyyəti qarşıdakı dövrdə iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf edəcəyindən xəbər verir”.

Vasif Qafarov vurğulayıb ki, siyasi müstəvidə də Avropa İttifaqının yanaşmasında mühüm dəyişiklik müşahidə olunur:

“Ermənistanla Azərbaycan arasında sülh prosesinin dəstəklənməsi məqsədilə sərhədyanı ərazilər üçün 20 milyon avroluq yardım paketinin təklif edilməsi və iki icma arasında sülhün iqtisadi faydalarına əsaslanan əməkdaşlıq gündəliyinin formalaşdırılması regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edən mühüm təşəbbüslərdir. Əsas məsələ ondan ibarətdir ki, sülh prosesi Azərbaycanın irəli sürdüyü prinsiplər və regional reallıqlar əsasında inkişaf edir.

Bütövlükdə Azərbaycanın xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə güclənməsinə gətirib çıxarıb. ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri, Çin ilə hərtərəfli strateji əməkdaşlıq və Avropa İttifaqı ilə strateji xarakter daşıyan əlaqələr Prezident İlham Əliyevin balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasətinin uğurlu nəticəsidir. Bu siyasət Azərbaycanın dünyanın əsas güc mərkəzləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurmasına imkan yaradıb.

Bu gün Avropa İttifaqının Azərbaycana yanaşması artıq yalnız enerji təchizatçısı kimi deyil, regional təhlükəsizliyi təmin edən, nəqliyyat-kommunikasiya layihələrinin əsas iştirakçısı, yaşıl enerji keçidinin mühüm tərəfdaşı və Cənubi Qafqazda sülhün qurulmasına töhfə verən etibarlı dövlət kimi formalaşır. Məhz buna görə də Azərbaycan–Avropa İttifaqı münasibətlərində başlanmış yeni mərhələ qarşılıqlı etimadın, strateji maraqların və uzunmüddətli tərəfdaşlığın daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.