BAKI, 27 noyabr. TELEQRAF

Azərbaycanda ali məktəblərə qəbul və ümumtəhsil müəssisələrindəki qiymətləndirmə sisteminin yenilənməsi, əzbərçilikdən tətbiqəsaslı imtahan modelinə keçid zərurəti yenidən aktuallaşıb.

Mövzu ilə bağlı Teleqraf-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Azərbaycan artıq yeni qəbul modellərinə keçməlidir. Onun sözlərinə görə, hər bir dövrün özünəməxsus qaydaları və tələbləri var:

“Sosializm dövründə qəbul imtahanlarının yazılı və şifahi formada aparılması müəyyən problemlər yaratmış, korrupsiya hallarının artmasına səbəb olmuşdu. Müstəqillik əldə etdikdən sonra isə beynəlxalq təcrübəyə əsaslanaraq qəbul prosesində test imtahanları tətbiq edilməyə başlandı. Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən bu test modeli əvvəlki yazılı və şifahi imtahanlardakı qeyri-obyektivliyin və korrupsiyanın qarşısını müəyyən qədər aldı.

Lakin indi dövr tamamilə fərqli istiqamətə doğru gedir. Hazırda süni intellekt və yüksək texnologiyalar dövrüdür və bu dövrün də öz tələbləri var. Artıq test sistemi əzbərçilikdən kənara çıxmalı, bilik və bacarıqların tətbiqinə əsaslanan bir modelə keçməlidir. Şagirdlər əzbərçilikdən uzaqlaşdırılaraq biliklərini praktiki tətbiq etməyə istiqamətləndirilməli, onlara yazılı və şifahi ifadə bacarıqları aşılanmalıdır. Bir sözlə, dərketmə və öyrəniləni tətbiqetmə üzərində qurulan yeni imtahan modeli formalaşdırılmalıdır”.

“Beynəlxalq imtahan formatı bizdə tam əksini tapmır”

Ekspert beynəlxalq təcrübəyə diqqət çəkərək qeyd edib ki, dünyanın bir çox ölkəsində SAT, TOEFL, IELTS kimi imtahanlarda test tapşırıqları ilə yanaşı, dinləmə, danışıq və bilikləri tətbiqetmə bacarıqlarının yoxlanılması əsas yer tutur:

“Düzdür, Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında testlərlə yanaşı açıq suallardan, inşa və esse yazılarından istifadə edir. Amma ümumilikdə, beynəlxalq imtahan formatı bizdə tam əksini tapmır. Şagirdlərimiz ali məktəblərə hazırlıq zamanı daha çox əzbərçiliyə üstünlük verirlər, praktiki tətbiq isə zəif inkişaf edib. Nəticədə, gənclərdə özünüifadə, fikir bildirmə və düşüncələrini yazı ilə çatdırma bacarıqları yetərincə formalaşmır. Məhz buna görə də universitetə qəbul olduqdan sonra tələbələrdə sanki bir durğunluq yaranır”.

“Yeni model məktəb və universitet imtahanlarında da tətbiq olunmalıdır”

R.Nurəliyevin fikrincə, təkcə ali məktəblərə qəbulda deyil, məktəblərdə keçirilən kiçik və böyük summativ qiymətləndirmələrdə -KSQ və BSQ-də tətbiqəsaslı imtahan modelinə keçilməlidir:

“Süni intellekt, rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik dövrünün tələblərinə cavab verən yeni qiymətləndirmə sistemi qurulmalıdır. Bu yenilik təkcə orta məktəb və qəbul imtahanları ilə məhdudlaşmamalı, universitetlərin semestr imtahanlarında da tətbiq olunmalıdır. Çünki əzbərlənən məlumat müəyyən vaxtdan sonra unudulur, lakin tətbiqə əsaslanan bilik heç vaxt yaddan çıxmır”.

Buraxılış və blok imtahanlarının birləşdirilməsi təklifi

Ekspert həmçinin buraxılış və blok imtahanlarının birləşdirilərək yalnız dörd fənn - bütün abituriyentlər üçün ümumi olan Azərbaycan dili, riyaziyyat, xarici dil və ixtisas qrupuna uyğun seçilən bir fənn üzrə vahid qəbul imtahanının keçirilməsini, eləcə də məktəb nəticələrinin və elektron, yazı, dinləmə tapşırıqlarının qəbul prosesində nəzərə alınmasını təklif edib.

"Ali məktəblərə seçim imkanı verilməlidir"

Təhsil Ekspertləri Mərkəzinin İdarə Heyətinin sədri, təhsil eksperti Məzahir Məmmədli imtahan modelinin təkmilləşdirilməsini vacib hesab edir. O qeyd edib ki, Azərbaycanda bu sistemə təxminən 34 il əvvəl imtahanlarda Türkiyə təcrübəsini tətbiq etməklə başlanılıb, lakin Türkiyə ötən müddət ərzində həmin modeli üç-dörd dəfə təkmilləşdirib və yeni modellər tətbiq edib, abituriyentlərə mərkəzləşdirilmiş imtahandan kənar da universitet seçmək imkanları yaradıb:

“Azərbaycanda isə bu sistem peşə seçimində də çox ciddi problemlərə yol açır. Bu gün ölkəmizdə hüququ hədəfləyib hüquqşünas olmaq istəyən şəxslər bir-iki bala görə həmin ixtisası seçə bilmirlər və məcburən tarix və ədəbiyyat müəllimliyinə yönəlirlər. Həkim olmaq istəyən isə kimya, biologiya müəllimi olur.

Nəticədə özündə həmin enerjini, potensialı görən, ixtisası sevən və həvəslə bu sahəyə gəlmək istəyən şəxs bir-iki bala kənarda qalır. Əvəzində həmin sahəyə həvəsi olmayan, sadəcə test nəticələri yüksək olan şəxslər o ixtisasa qəbul olunurlar. Beləliklə, bu proses ali məktəbi bitirdikdən sonra böyük işsizlik ordusunun yaranmasına səbəb olur. Yəni ali təhsil müəssisəsini bitirdikdən sonra məzunlar üçün böyük boşluq yaranır.

Ekspert bildirib ki, Azərbaycanda ali təhsil müəssisələrinə seçim imkanları verilmir.

"Hazırda bir sistem mövcuddur və alternativ seçim yoxdur. Halbuki, ali təhsil ocaqlarına da muxtariyyət verilməlidir ki, onlar da istedadlı gəncləri öz meyarlarına uyğun seçə bilsinlər. Bu imkanların yaradılması üçün Dövlət İmtahan Mərkəzinin qaydalarına yenidən baxılmalı və dəyişiklik edilməlidir.

"9-11 min apellyasiya şikayəti sistemə etimadı sarsıdır"

Ekspert həmçinin vurğulayıb ki, imtahanlardan sonra apellyasiya şikayətlərinin çoxluğu imtahan sualları ilə proqram arasında fərqlərin olduğunu təsdiqləyir:

“Təəssüf ki, burada da problemlər var. İmtahan sualları Elm və Təhsil Nazirliyi ilə birgə təsdiq olunmuş proqram əsasında hazırlanmış dərsliklərdən tərtib edilməlidir. Amma bəzi hallarda bunun əksini görürük. Bu da abituriyentlər arasında ciddi narazılıq yaradır və Dövlət İmtahan Mərkəzinə olan etimadı sarsıdır.

Son iki ildə ali təhsil müəssisələrinə qəbul başa çatdıqdan sonra 9-11 min apellyasiya şikayəti qeydə alınır. Sayın çoxluğu onu göstərir ki, indiki gənclik öz potensialını, biliyini və savadını nəticələri ilə əlaqələndirə bilmir. O hesab edir ki, daha bilikli və savadlıdır, amma layiq olduğu qiyməti ala bilmir. Ona görə də abituriyentlər arasında narazılıq yaranır. Artıq bu məsələlər nəzərə alınmaqla, düşünürəm ki, Dövlət İmtahan Mərkəzi öz sistemində müəyyən dəyişikliklər etməlidir. Alternativ variantlar təklif olunmalıdır”.

Məzahir Məmmədli hesab edir ki, Azərbaycan təhsili həddindən artıq imtahan yönümlüdür və qəbul imtahanlarında fənlərin sayı mütləq azaldılmalıdır.