BAKI, 18 may. TELEQRAF
Təkcə paytaxt Bakı deyil, Azərbaycanın bir çox digər şəhərləri də özünün qədim memarlığı və zəngin tarixi siması ilə haqlı olaraq qürur duya bilər.
Teleqraf xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.
Prezident ilk olaraq Şirvanşahlar dövlətinin qədim paytaxtı Şamaxı şəhərini qeyd edib:
"Bura XIV əsrin dahi Azərbaycan şairi Seyid İmadəddin Nəsiminin vətənidir. Şamaxıda dünyanın ən qədim müsəlman məbədlərindən biri olan və əsası 743-cü ildə qoyulmuş tarixi Cümə məscidi yerləşir".
Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvan şəhəri barədə danışan ölkə rəhbəri, buranın XII əsrin dahi Azərbaycan memarı Əcəmi Naxçıvaninin yurdu olduğunu və onun tərəfindən ucaldılan Möminə Xatun məqbərəsinin bu günədək möhtəşəmliyini qoruyub saxladığını vurğulayıb.
Dövlət başçısı dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yurdu Gəncənin bu gün öz tarixi görkəmini qoruyaraq müasir şəkildə inkişaf etdiyini bildirib.
Qəbələ və Şəki şəhərlərinin qədim təməllərinə də diqqət çəkən Prezident İlham Əliyev qeyd edib:
"Qafqaz Albaniyası dövlətinin əsas mərkəzlərindən olmuş Şəki şəhəri çox sayda tarixi abidəyə sahibdir. Şəkinin yaxınlığındakı Kiş kəndində yerləşən alban məbədi isə yəqin ki, dünyanın ən qədim xristian kilsələrindən biridir".
Əcdadlarımızın istedadının növbəti unikal nümunəsi kimi Lahıc kəndini diqqətə çatdıran Prezident, təxminən 15 əsr əvvəl salınmış bu yaşayış məskənində insanların hələ o dövrdə qurduğu kanalizasiya və su təchizatı sisteminin bu gün də tam işlək vəziyyətdə olduğunu xatırladıb.