BAKI, 18 may. TELEQRAF
"Biz Bakıda çox böyük ekoloji işlər görməli olduq. Bakı 1846-cı ildə dünyada sənaye üsulu ilə neft çıxarılan ilk şəhər olub və keçən təxminən 180 il ərzində ətraf mühitin qorunmasına demək olar ki, diqqət yetirilməyib".
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı bildirib.
O daha sonra sözünə belə davam edib: "Buna görə də Bakı ağır dərəcədə çirklənmişdi. Xüsusilə Bibiheybət, Böyükşor gölü və "Qara Şəhər" əraziləri...Amma bu gün tamamilə fərqli bir mənzərə var. Ağır sənaye çirklənməsinə məruz qalan və adına rəsmi olaraq "Qara Şəhər" deyilən məkanın yerində bu gün modern şəhərsalma modeli olan "Bakı Ağ Şəhər" (White City) ucalır. Bu, şəhər daxilində tamamilə təmiz və müasir bir şəhərdir".
Prezident qeyd edib ki, müasir şəhərsalmanın digər bir nümunəsi isə "Sea Breeze" kurort-şəhərciyidir.
"Mən qonaqlarımıza, xüsusən də soyuq suda üzməyi xoşlayanlara modern şəhərsalmanın növbəti nümunəsini görmək üçün oraya getməyi şiddətlə tövsiyə edirəm", - dövlət başçısı qeyd edib.