BAKI, 18 may. TELEQRAF
"Münaqişədən sonrakı bərpa prosesi və “Böyük Qayıdış” proqramımız artıq bir çox beynəlxalq institutların və tərəfdaşların böyük marağına səbəb olub”.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunmuş mətbuat konfransında bildirib.
Komitə sədri azad edilmiş ərazilərdəki yenidənqurma işlərinin miqyasından danışarkən mina təhlükəsi ilə mübarizədən eyni vaxtda geniş bir ərazidə, 12 şəhər və yüzlərlə kənddə aparılan kompleks planlaşdırmaya qədər böyük həcmdə iş görüldüyünü vurğulayıb:
"Bu, sadəcə planlaşdırmadan ibarət deyil. Biz bütün qlobal trendləri, tövsiyələri izləməyə çalışırıq. Məqsədimiz sadəcə evlər tikib insanları binalara yerləşdirmək deyil, biz bu ərazilərdə tamamilə yeni bir həyat keyfiyyəti dizayn edir və yaradırıq. Bundan əlavə, cənab Prezident tərəfindən Azərbaycanda tətbiq edilən çox unikal bir idarəetmə modeli və institusional yanaşma mövcuddur".
A.Quliyev qeyd edib ki, görülən işlərin nəticəsi olaraq artıq böyük bir icma doğma yurduna qayıdıb:
"Bu gün Qarabağ və Şərqi Zəngəzurda artıq 90 minə yaxın insan yaşayır, işləyir, universitetlərdə təhsil alır. Hətta forumun ilk günündə Ukrayna, Suriya və bir çox digər ölkələrdən, şəhərlərdən olan dostlarımızla maraqlı müzakirələrimiz baş tutdu. Forum çərçivəsində Azərbaycanda görülən işlərə dair bir sıra təqdimatlarımız və müzakirələrimiz davam edəcək. Biz münaqişələrdən zərər çəkmiş ərazilərdə həyatın yenidən necə canlandığını bütün dünyaya nümayiş etdirəcəyik".