BAKI, 18 may. TELEQRAF

İsrail ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Bunu İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Teleqraf-a açıqlamasında bildirib.

Diplomat Bakının nümayiş etdirdiyi yüksək potensial və təşkilatçılıq qabiliyyətinə heyran qaldıqlarını vurğulayıb:

“Biz sərgi sahəsini gəzdik və xüsusilə Azərbaycan pavilyonuna heyran qaldıq. İsrail ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. Digər stendlər isə həm Azərbaycanın iqtisadi gücünü, həm də dünya ölkələrinin mənzil təsərrüfatı və şəhərsalma problemlərinin həllinə verə biləcəyi töhfələri aydın şəkildə nümayiş etdirir”.

İsrailin şəhərsalma sahəsindəki təcrübəsi və təkliflərindən də danışan R. Krausz bildirib ki, ölkəsi cəmi 78 illik tarixə malik gənc dövlət olmasına baxmayaraq, mühüm uğurlar əldə edib:

“İsrailin qurulduğu ilk illərdəki ərazi relyefi ilə bugünkü müasir mənzərəsi müqayisə edildikdə, şəhərsalma, infrastrukturun inkişafı, nəqliyyat imkanlarının genişləndirilməsi və mənzil təminatı sahəsində böyük nailiyyətlərin əldə olunduğu aydın görünür”.

R.Krausz vurğulayıb ki, son onilliklər ərzində formalaşan bu zəngin təcrübə bir çox ölkə üçün uğurlu model və mühüm əməkdaşlıq platforması ola bilər.