BAKI, 18 may. TELEQRAF

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirildiyi bu günlər ərzində bir çox qonaqlarımız, ilk dəfə səfər edənlər ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə yaxından tanış olacaqlar.

Teleqraf xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı səsləndirib.

Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlət başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd edib.

Azərbaycan lideri ölkənin coğrafi və mədəni mövqeyinin paytaxtın memarlıq harmoniyasında da aydın əks olunduğunu diqqətə çatdırıb:

"Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Ölkəmiz tarixən Şərqlə Qərbin qovuşduğu məkan olub və bu xüsusiyyət bizim memarlığımızda da aydın görünür. Məsələn, siz qədim İçərişəhərin tarixi qala divarları arasında gəzdikdən sonra sadəcə küçəni keçməklə özünüzü tamamilə müasir bir mühitdə – ərazisi genişləndirilərək uzunluğu 15 kilometrdən çox olan dənizkənarı Bakı Bulvarında tapırsınız".

Prezident həmçinin bu müasir mühitin tam yaxınlığında XIX əsrdə avropalı memarlar tərəfindən xüsusi zövqlə layihələndirilmiş və inşa edilmiş tarixi binaların da paytaxtın vizual harmoniyasını mükəmməl şəkildə tamamladığını vurğulayıb.