BAKI, 18 may. TELEQRAF

Hazırda hökumətin əsas prioritetlərindən biri 30 illik işğal dövründə tamamilə dağıdılmış və viran qoyulmuş Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışında bildirib.

"Beynəlxalq müşahidəçilər və xarici qonaqlar Ağdam şəhərini dağıntıların miqyasına görə Xirosima ilə müqayisə edərək onu "Qafqazın Hiroşiması" adlandırırlar.Ağdam Hiroşimadan fərqli olaraq atom bombası nəticəsində bir gündə məhv edilməyib. Bu şəhər 30 illik işğal dövründə binaların, yaşayış evlərinin və ictimai tikililərin daş-daş sökülməsi, materiallarının talanması nəticəsində tamamilə yer üzündən silinib", - dövlət başçısı qeyd edib.

İlham Əliyev görülən işlərin miqyasını rəqəmlərlə ifadə edərək, son beş ildə regionda nəhəng infrastruktur layihələrinin, o cümlədən elektrik stansiyalarının, ümumi uzunluğu onlarla kilometr olan tunellərin inşa edildiyini, planlaşdırılan 500 körpüdən artıq 435-nin tikilib istifadəyə verildiyini vurğulayıb.