BAKI, 18 may. TELEQRAF

"Şəhərsalma və modernləşmə prosesi ölkədə gündəlik prioritet məsələlərdən biridir".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı çıxışında Bakının tarixi irsi ilə müasir quruculuq işlərinin harmoniyasını xüsusi vurğulayaraq bildirib ki, XIX əsrdə avropalı memarlar tərəfindən inşa edilən tarixi binalar qorunur, şəhərsalma və modernləşmə prosesi isə ölkədə gündəlik prioritetlər sırasındadır.

Prezident, həmçinin müvafiq sərəncamı ilə cari ilin “Şəhərsalma ili” elan edildiyini xatırladıb.

Mötəbər tədbirin Bakıda təşkilinə verdiyi dəstəyə görə BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkürünü bildirən Prezident qeyd edib ki, bu qurumla sıx əməkdaşlıq çərçivəsində 2022-ci ildə uzun illər işğal altında qalmış Ağdam, Zəngilan və Xankəndi şəhərlərində üç Milli Şəhərsalma Forumu uğurla keçirilib.