BAKI, 1 may. TELEQRAF

Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq gənclər forumu baş tutub.

Teleqraf xəbər verir ki, iki gün davam edən tədbir çərçivəsində nümayəndə heyətləri bir sıra akademik mərkəzlərdə, dövlət qurumlarında və parlamentdə görüşlər keçiriblər.

Forumun ikinci günü kolonializmdən əziyyət çəkmiş ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən fləşmobla başlayıb. Gənclər böyük lövhədə öz ölkələrinin bayraqları altında ürək sözlərini qeyd ediblər.

Forumda çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov tədbirin əsas hədəflərini açıqlayıb:

"Tədbirin əsas məqsədi post-kolonial gələcəyin qurulması naminə müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirmək, qarşılıqlı hörmət və ortaq məsuliyyət prinsipləri əsasında sülh dolu gələcək üçün platforma yaratmaqdır”.

Forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq və səhiyyə mütəxəssisləri, müstəqillik tərəfdarı olan siyasi partiya və təşkilatların nümayəndələri, həmçinin universitet tələbələri iştirak ediblər.

Ümumilikdə 17 ölkədən gələn qonaqlar Azərbaycanla yaxından tanış olaraq öz təcrübələrini bölüşüblər.

Tədbirə ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar da qatılıb.

İştirakçılar kolonializmlə birgə mübarizənin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini bildiriblər.

Sonda forumun yüksək səviyyədə təşkili üçün Bakı Təşəbbüs Qrupuna minnətdarlıqlarını ifadə ediblər.

***

09:56

Bu gün Bakıda “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq gənclər forumu keçirilir.

Teleqraf xəbər verir ki, forum Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutur.

Forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edəcəklər.

Ümumilikdə 17 ölkədən gələn qonaqlar ölkəmizlə tanış olacaq, eləcə də öz təcrübələrini bölüşəcəklər.

Eyni zamanda, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar da forumda iştirak edəcəklər.