BAKI, 28 aprel. TELEQRAF
Türkiyə-Azərbaycan qardaşlığı, həmçinin bu gün genişmiqyaslı inteqrasiyaya dair atılan addımlar dünyaya nümunədir və bu, bənzəri olmayan yeni mərhələyə qədəm qoyub.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının yubiley tədbirində çıxışı zamanı bildirib.
O qeyd edib ki, hazırda səkkiz türk dövləti vahid çətir altında birləşərək, Xəzərdən Mərkəzi Asiyaya, Anadoludan Balkana və Qafqaza qədər uzanan böyük inkişaf dövrünün başlanğıcındadır.
AKP rəsmisi əlavə edib ki, Azərbaycanın Vətən müharibəsindəki zəfəri ilə yenidən gündəmə gələn Zəngəzur dəhlizinin reallaşması strateji əhəmiyyət daşıyır:
"İnşallah, bu dəhlizin həyata keçməsi ilə Türkiyə və türk dünyası gələcəyin ticarət marşrutlarını müəyyən edən və müasir İpək Yolunu canlandıran o böyük mübarizənin memarı olacaq".