BAKI, 28 aprel. TELEQRAF
Donald Trampın administrasiyası daxilində Pentaqonun İranla müharibə və ABŞ-nin silah ehtiyatları ilı bağlı vəziyyəti nə dərəcədə düzgün əks etdirməsi ilə bağlı fikir ayrılıqları yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Atlantic” daxili müzakirələrlə tanış mənbələrə istinadla məlumat yayıb.
Vitse-prezident Ceyms Devid Vens qapalı görüşlərdə raket və sursat çatışmazlığı ehtimalı ilə bağlı narahatlığını bildirərək, Pentaqonun müharibənin gedişi ilə bağlı həddindən artıq optimist qiymətləndirmələrini şübhə altına alıb.
Mənbələrin məlumatına görə, Vens Müharibə Departamentinin ABŞ-nin silah ehtiyatlarının tükənmə miqyasını az göstərib-göstərmədiyini dəfələrlə sorğulayıb.
Müharibə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Den Keyn ictimai çıxışlarında ABŞ-nin ehtiyatlarının kifayət qədər olduğunu və İrana qarşı hərbi əməliyyatların uğurlu olduğunu bəyan edib.
Daxili müzakirələrə görə, əsas döyüş sursatlarının, o cümlədən hava hücumundan müdafiə və zərbə silahları ehtiyatlarında ciddi azalma qeydə alınıb.
Nəşr qeyd edir ki, bu azalma ABŞ-nin Çin, Rusiya və Şimali Koreya ilə mümkün müharibələrə cavabvermə qabiliyyətinə də təsir edə bilər, çünki eyni silah sistemləri müxtəlif regionlarda istifadə olunur.
Pentaqon məlumatların gizlədilməsi iddiasını inkar edərək, prezidentə müntəzəm olaraq tam vəziyyətin təqdim olunduğunu bildirib. Ağ Ev isə milli təhlükəsizlik komandası daxilində sağlam müzakirə aparıldığını vurğulayıb.