BAKI, 23 aprel. TELEQRAF
2023-cü il Aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Azərbaycan–Ermənistan dövlət sərhədində buraxılış məntəqəsinin qurulması dövlət suverenliyimizin təmin olunması istiqamətində atılmış ən mühüm addımlardan biri kimi tarixə düşdü.
Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.
O qeyd edib ki, bu qərar uzunmüddətli strateji baxışın, milli maraqlara söykənən prinsipial siyasətin məntiqi nəticəsidir:
“Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sözügedən addım bir daha göstərdi ki, Azərbaycan sərhədlərinə tam nəzarət edir, daxili işlərinə heç bir müdaxiləyə imkan verməyən qüdrətli dövlətdir. Bu istiqamətdə nəzarətin bərpası təhlükəsizlik və hüquqi baxımdan olduqca əhəmiyyətli qərardır”.

Deputat bildirib ki, buraxılış məntəqəsinin qurulması, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dövlət sərhədinin qorunmasının təmin edilməsidir:
“Sözügedən qərar regionda yeni reallıqların formalaşdığını, ölkəmizin müəyyən edən tərəf olduğunu nümayiş etdirdi və müxtəlif dairələrin illərdir manipulyasiya etdiyi “nəzarətsiz zona” anlayışına son qoydu. Azərbaycan dövləti ərazisində baş verən hər bir prosesin qanun çərçivəsində və dövlət nəzarəti altında həyata keçirilməsini təmin edir”.
Partiya sədrinə görə, bu gün artıq bütün dünya dövlətləri görür ki, prinsipiallıq və qətiyyət nəticə verir:
“Ölkə başçımız Cənab İlham Əliyevin siyasi iradəsi və zərgər dəqiqliyi ilə həyata keçiritdiyi siyasət sayəsində atılan addımlar milli təhlükəsizliyimizin möhkəmləndirilməsi və regionda davamlı sabitliyin təmin olunması baxımından həlledici rol oynayır”.