BAKI, 16 mart. TELEQRAF
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Eldar müəllim, Azərbaycanla Avropa İttifaqı arasında ələqələrin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
- Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı iki tərəf arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıb. Səfərin yekunlarına dair verilən bəyanatda olduqca mühüm məqamlardan bəhs edilib. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin hazırda müxtəlif səviyyələrdə fəal tərəfdaşlıq mərhələsində olduğu və bu səfərin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyi bir daha diqqətə çatdırıldı. Azərbaycanla Avropa İttifaqı arasında fəal siyasi və iqtisadi dialoq mövcuddur. Avropa Komissiyasının üzvləri son bir il ərzində Azərbaycana bir neçə dəfə səfər ediblər ki, bu da tərəflər arasında əməkdaşlığın dinamik inkişaf etdiyini göstərir. Dövlətimizin başçısı da bəyanatda iqtisadi göstəricilərə diqqət çəkərək bildirib ki, cari ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqının payına düşüb. Ötən il bu göstərici bir qədər aşağı olsa da, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır.
- İttifaqla ölkəmiz arasında əsas inkişaf istiqamətlərini necə xarakterizə etmək olar?
- Azərbaycan Avropa ölkələrində fəal şəkildə investisiyalar yatırır və bu proses ikitərəfli iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir. Dövlət başçısı əmin olduğunu bildirib ki, tərəflər arasında ticarət dövriyyəsi yaxın illərdə daha da artacaq. Enerji əməkdaşlığının Azərbaycan ilə Avropa İttifaqı münasibətlərinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu sahədə əməkdaşlıq xüsusilə 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədin imzalanmasından sonra daha da intensivləşib.
Azərbaycan Avropa ölkələrinə qaz ixracının həm həcmini, həm də coğrafiyasını genişləndirib. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazını qəbul edir, ümumilikdə isə 16 ölkə Azərbaycan qazı ilə təmin olunur. Bu göstəriciyə görə Azərbaycan boru kəmərləri vasitəsilə qaz təchiz edən aparıcı ölkələrdən biri hesab olunur. Prezident İlham Əliyev də qeyd edib ki, bu fakt Azərbaycanın bir çox ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynadığını bir daha təsdiqləyir.

Bu xüsusda Avropa bazarı Azərbaycanın qaz ixracında mühüm paya malikdir və ümumi qaz ixracının təxminən yarısını təşkil edir. Sözsüz ki, enerji əməkdaşlığının digər mühüm istiqamətlərindən biri bərpaolunan enerji sahəsidir. Azərbaycan külək, günəş və su elektrik enerjisi sahələrinə böyük həcmdə sərmayələr yatırır. Qarşıdakı beş-altı il ərzində Azərbaycan ixrac üçün hazır olan 6–8 giqavat gücündə bərpaolunan enerji istehsal etməyi planlaşdırır. Bu istiqamətdə Avropa tərəfdaşları ilə birlikdə ötürücü xətlərin çəkilməsi, dəniz dibi kabellərinin çəkilməsi və enerji infrastrukturunun inkişafı üzrə layihələr üzərində fəal iş aparılır.
- Eldar müəllim bu günlərdə Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun əhəmiyyətini, verilən mesajları necə dəyərləndirirsiniz?
- Sözsüz ki, ölkəmiz növbəti dəfə mötəbər qonaqların iştirakı ilə vacib bir tədbirə ev sahibliyi etməklə qlobal miqyasda baş verən proseslərə dair vacib fikirlərin səsləndiyi mühüm platforma kimi çıxış edir. Sözsüz ki, bu xüsusda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi genişspektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biri kimi çıxış edir. Bu mənada Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq tədbirdir. Forumda çıxış edən Prezident İlham Əliyev də Forumun əhəmiyyətindən bəhs etdi. Sözsüz ki, bu prezidentlərin, baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından bu olduqca vacib bir platformadır.
Builki Forumun gündəliyi çox genişdir. Forum bir çox məsələləri əhatə edib. Ölkə başçısının da qeyd etdiyi kimi regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub.
Müasir dövrdə qlobal siyasi və iqtisadi proseslərin intensiv şəkildə dəyişdiyi bir mərhələdə təşkil olunan forum beynəlxalq əməkdaşlığın gücləndirilməsi, dialoq mühitinin inkişafı və qlobal problemlərin birgə müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qlobal Bakı Forumu artıq uzun illərdir ki, dünyanın müxtəlif regionlarından dövlət və hökumət başçılarını, sabiq prezidentləri və baş nazirləri, beynəlxalq təşkilatların rəhbərlərini, nüfuzlu siyasətçiləri, alimləri və ekspertləri bir araya gətirən nüfuzlu beynəlxalq platforma kimi tanınır. Bu forum çərçivəsində qlobal gündəlikdə duran ən aktual məsələlər müzakirə olunur, müxtəlif baxışların qarşılaşdırılması və konstruktiv dialoq vasitəsilə ortaq mövqelərin formalaşdırılması üçün geniş imkanlar yaradılır.
- Ölkəmizin başçısının Forumda vermiş olduğu mesajların əhəmiyyətini necə xarakterizə etmək olar?
- Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev həmçinin müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan mürəkkəb proseslərə diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, hazırda dünya siyasi, iqtisadi və texnoloji transformasiyaların təsiri altında yeni mərhələyə qədəm qoyur. Bu proseslər qlobal təhlükəsizlik arxitekturasına, beynəlxalq hüquq sisteminə və dövlətlərarası münasibətlərə ciddi təsir göstərir. Prezident vurğulamışdır ki, belə bir şəraitdə qarşılıqlı hörmətə, beynəlxalq hüququn prinsiplərinə və çoxtərəfli əməkdaşlığa əsaslanan dialoq mexanizmləri xüsusi əhəmiyyət kəsb edir.
- Azərbaycanın qlobal mqiyasda artan rolu daha çox hansı prinsiplərə əsaslanır?
- Azərbaycanın beynəlxalq əməkdaşlıq və dialoq təşəbbüslərində fəal rol oynayır. Ölkəmiz müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşməklə multikulturalizm, tolerantlıq və qarşılıqlı hörmət dəyərlərinin təşviqinə daim xüsusi önəm verir. Bu baxımdan Bakı şəhərinin beynəlxalq dialoq platformalarının təşkil olunduğu mühüm mərkəzlərdən birinə çevrilməsi təsadüfi deyil. Təbii ki, Forumda qlobal səviyyədə artan çağırışların yalnız kollektiv yanaşma və çoxtərəfli əməkdaşlıq vasitəsilə həll edilə biləcəyi bir daha bəyan edilib. İqlim dəyişiklikləri, enerji resurslarının təhlükəsiz və dayanıqlı istifadəsi, beynəlxalq ticarət əlaqələrinin inkişafı, qlobal səhiyyə problemləri və humanitar böhranlar kimi məsələlər dünya dövlətlərinin birgə səylərini tələb edən əsas istiqamətlər kimi qeyd olunub. Eyni zamanda forum çərçivəsində iştirakçılar qlobal təhlükəsizlik mühitində müşahidə olunan dəyişikliklərə də diqqət çəkmişlər. Qeyd olunmuşdur ki, regional münaqişələr, geosiyasi rəqabət, iqtisadi qeyri-müəyyənlik və sosial problemlər beynəlxalq sabitliyə ciddi təsir göstərir. Bu problemlərin aradan qaldırılması üçün dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və qarşılıqlı etimadın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.