BAKI, 18 fevral. TELEQRAF

"Azərbaycanın region ölkələri ilə birgə formalaşdırdığı "C6" platforması sadəcə rəqəmlərdən ibarət deyil".

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoru Javlon Vahabov bu gün Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə regionun yeni institusional nüvəsini formalaşdırır: “Bu əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli formatda son illər ərzində qurulan möhkəm təməllərə söykənir. Son üç il ərzində Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə 14, region liderlərinin isə Azərbaycana 23 rəsmi səfəri baş tutub. Eyni zamanda, bu dövr ərzində Azərbaycan üzərindən keçən Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmi 90% artıb ki, bu da 2017-ci ilə qədər olan dövrlə müqayisədə rekord göstəricidir”.

Özbəkistan-Azərbaycan münasibətlərinin strateji əhəmiyyətini vurğulayan J. Vahabov, 2024-cü ildə iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalandığını xatırladıb. O qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Özbəkistanın ən yüksək səviyyəli-müttəfiqlik statusunda münasibət qurduğu ilk ölkədir.

Azərbaycanın "C6" regional formatına qoşulması keyfiyyətcə yeni geoiqtisadi konfiqurasiya yaradır: "Bu birləşmə Mərkəzi Asiya və Cənubi Qafqazı vahid əməkdaşlıq arealına çevirir. Beləliklə, regionumuz dənizə çıxışı olmayan ərazidən vahid nəqliyyat qovşağına çevrilmiş əraziyə çevrilir. Bu da bizim Avropa İttifaqı, Türkiyə, Yaxın Şərq və hətta Afrika bazarlarına çıxışımızı təmin edir".