BAKI, 18 fevral. TELEQRAF
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XX turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
"Neftçi" klubu "Kəpəz"lə səfər matçında azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün 8000 manat cərimələnib. Eyni qayda pozuntusuna görə Gəncə təmsilçisi də 8000 manat məbləğində ziyana düşüb.
"Kəpəz"in futbolçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün klubu 1000 manat cərimələnib, oyunçunun özü isə iki oyunluq diskvalifikasiya edilib.
Komitə həmçinin "Sumqayıt" - "Araz-Naxçıvan" matçında baş verənlərlə bağlı da qərarlar verib. Belə ki, "kimyaçılar" azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə 6000 manat, oyunçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3000 manat məbləğində cərimələnib. Madaqaskarlı hücumçuya isə üç oyunluq cəza verilib.
Bu görüşdə 6 futbolçusu vərəqə aldığı üçün isə "Araz-Naxçıvan" klubu 700 manat məbləğində cərimələnib.