BAKI, 18 fevral. TELEQRAF
"Dünya sürətlə regionallaşmaya doğru gedir və bu mürəkkəb dövrdə region ölkələri vahid mövqedən çıxış etməlidir".
Teleqraf xəbər verir ki, bu barədə siyasi elmlər namizədi, Qazaxıstan Prezidenti yanında Milli Qurultayın üzvü Talqat Kaliyev bu gün Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
“Biz ya masanın ətrafında əyləşəcəyik, ya da menyuda olacağıq. Liderlərimiz çoxdan anlayıblar ki, biz masada əyləşməli və öz gündəliyimizi diktə etməliyik”, – o vurğulayıb.
Talqat Kaliyev Azərbaycan və digər region ölkələrinin Avropa İttifaqı ilə münasibətlərdə yeni strategiya yürütməsinin vaxtının çatdığını bildirib.
Onun sözlərinə görə, artıq resursları sadəcə xammal kimi satmaq deyil, onları ən müasir texnologiyalarla mübadilə etmək lazımdır: “Regionun nadir torpaq metalları və insan kapitalı Avropanın istehsal gücləri üçün alternativ platforma ola bilər.
Region ölkələri əsgər həyatını riskə atmamaq üçün robototexnika sahəsində birgə çalışmalıdır. Türkiyənin PUA istehsalındakı təcrübəsi və Çinin süni intellekt sahəsində nailiyyətləri birləşdirilərək ortaq hərbi layihələr icra edilməlidir. C6 formatı çərçivəsində müasir hərbi-texnoloji bazanın yaradılması prioritet olmalıdır”.