BAKI, 18 fevral. TELEQRAF
AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Kadi Borgesi 2 oyunluq cəzalandırıb.
Teleqraf xəbər verir ki, buna səbəb fevralın 14-də Azərbaycan Premyer Liqasında XX turun “İmişli” – “Qarabağ” oyununun 72-ci dəqiqəsində 20 nömrəli futbolçusunun ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almasıdır.
Komandası isə 1000 manat cərimə edilib. Görüşün 90+5-ci dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Ağdam təmsilçisi 6000 manat ziyana düşüb.
Matçın 83-cü dəqiqəsində “İmişli” komandasının 9 nömrəli futbolçusu Dioqo Almeyda hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, komandası 2500 manat cərimə edilib.
Bununla yanaşı, qarşılaşmadan əvvəl, fasilədə, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” komandası 2500 manat cərimələnib. .