BAKI, 13 yanvar. TELEQRAF

Politoloq Zərdüşt Əlizadə Teleqraf-a İranda baş verən üsyan, ABŞ-nin bu ölkəyə mümkün müdaxiləsi və rejim dəyişikliyi ilə bağlı mümkün variantlardan danışıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, İranda 20 günə yaxındır ki, etiraz aksiyaları davam edir. Sizcə, xalqın budəfəki etirazı necə nəticələnəcək? ABŞ isə üsyançılara atəş açılacağı təqdirdə mümkün müdaxiləni gözdən keçirəcəyini bəyan edir…

- ABŞ 43 ildir ki, İrandakı İslam inqilabına qarşı sanksiyalar tətbiq edir. Hər vəchlə İrandakı hakim rejimin dəyişdirilməsinə çalışan Amerika bunun üçün müxtəlif variantlara əl atır. Hətta bunun üçün elmi əsərlər yazılıb. İndiyə kimi Amerika dünyada 80-ə qədər ölkədə hökumətləri dəyişib, dövlətlərin daxili işlərinə qarışıb, təxribat törədib, cəza tədbirləri tətbiq edib. 60 ildir ki, Kuba ABŞ-nin sanksiyaları altındadır. Amma Ağ Ev administrasiyası Kubada çevriliş edə bilməyib. Son olaraq isə “ərəb baharı” adı ilə bir neçə ölkədə hakimiyyəti devirən Amerika indi də İranı parçalamağa çalışır.

- ABŞ-nin İranla bağlı əsas niyyəti nədir?

- İran İslam dünyasında yeganə dövlətdir ki, İsrailin Fələstindəki işğal siyasətinə qarşı çıxır, buna müqavimət göstərir. Digər dövlətlər isə İsrailin Fələstinə qarşı işğalına heç nə edə bilmir. Bütün ərəb dövlətləri onun qarşısında diz çöküblər. Çünki onlar da bilir ki, İsrailin arxasında Amerika dayanıb. Yalnız İran dövləti Fələstinin azadlığı məsələsində ona qarşı duruş sərgiləyir. Həm də ki, İranın nəhəng neft-qaz ehtiyatları var. Amerika bunları da nəzarətə almaq istəyir. Venesuelada Nikolas Maduronu tutandan sonra ABŞ Prezidenti Donald Tramp açıq şəkildə dedi ki, “Qərb yarımkürəsindəki təbii ehtiyatlar Amerikanın mülkiyyətidir”.

- İranın indiki duruma düşməsində xarici faktorlarla yanaşı, daxili amillərin olması da əsas kimi gündəmdədir. Nə baş verdi ki, İran iqtisadi cəhətdən eniş yaşamalı oldu?

- Bu ölkədə mövcud olan “mollakratiya” rejiminin iqtisadi-siyasətdəki qüsurları nəticəsində vəziyyət ağırlaşıb. İran xalqı da haqlı olaraq etirazını bildirir. Bu iğtişaşları yatıran zaman isə insan tələfatı qaçılmaz olur. Tramp da açıq şəkildə bəyan edir ki, insanlara qarşı qırğın davam etsə, İrana müdaxilə edəcək. Ötən ilin yayında da ABŞ İranı İsraillə birlikdə bombalamışdı.

- Üsyanın gedişində keçmiş şah rejiminin bərpa ediləcəyi ilə bağlı da şüarlar səslənir. Hətta onların bayraqları da qaldırılır. Bu ssenarilər mümkündürmü?

- Etirazların fonunda qacarların, pəhləvilərin bayraqları qaldırılır. Amma bunlar mümkün olacaq məsələ deyil. Bunlar artıq keçib. Bu ona bənzəyir ki, Romanovlar sülaləsi Rusiyada hakimiyyətə qayıdır və s. Amma qatar gedib. İndi səhnədə yeni qüvvələr var.

- Bu halda İranda nə baş verə bilər?

- Ola bilər ki, İran hakimiyyəti özü daxildən hansısa bir islahat aparsın, birinci şəxs yəni, ali lider Əli Xamenei hakimiyyətdən getsin. 87 yaşı var, onun üçün daha bəsdir. Onun yerinə isə başqası gəlsin. Onlar da imkan versinlər ki, İranın hazırkı Prezidenti Məsud Pezeşkian müəyyən iqtisadi islahatlar apara bilsin. Zəli kimi İran neftinin gəlirlərinə daraşmış "mollakratlar" da bu halda kənarlaşdırılmış olar.

- Bu baş verməsə, ən pis ssenari nədən ibarətdir?

- İrandakı mürtəca hakim zümrə islahatlara imkan vermədiyi halda başqa ssenari baş verə bilər. Vaxtilə keçmiş SSRİ-də partokratlar islahatlara imkan vermədiklərinə görə devrildilər. Bu halda İranda qanlı inqilab olacaq və hakim zümrə hakimiyyətdən qovulacaq. Beləliklə, yeni bir quruluş olacaq.

- Baş verənlər fonunda İranda etnik əsasda iğtişaşların olması ehtimalı varmı?

- Bu ssenari də ehtimal olunan odur ki, etnik qaşıdurma fonunda İran dağıla bilər. Əslində bu variant da Amerikaya xeyirdir. Çünki onların istəyinə görə, çoxmillətli böyük dövlətlər olmamalıdır.

- Amerika niyə bunu istəmir?

- Çünki etnik dövlətlərin pul və digər imkanlar əldə etməsi, elmə, texnologiyaya yatırım etməsi daha realdır. Ona görə də çoxlu sayda etnik dövlətlərin olması fonunda onları idarə etmək daha asandır. Böyük və etnik zənginliyi ilə seçilən dövlətləri isə idarə etmək, onu nəzarətdə saxlamaq Amerika kimi güc mərkəzlərinə sərf etmir.