BAKI, 12 yanvar. TELEQRAF
"Hazırda bölgədə, xüsusən də İranda baş verənlər fonunda mürəkkəb vəziyyət yaranıb. İranla yanaşı, Rusiyada və başqa yerlərdə də gərgin durum mövcuddur. Baş verənlər fonunda Prezident İlham Əliyevin vəziyyəti tənzimləmək yolunda atdığı addımlar düşünülmüş, Azərbaycanın milli maraqlarına uyğundur. Azərbaycanda həyata keçirilən müdrik siyasət ölkəmizi bu kimi təhlükələrdən qoruyur".
Bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
İdarə heyətinin üzvü hesab edir ki, hazırda İran daxilində baş verənlər xalqın hərəkətindən asılı olacaq: “Bu etirazların necə olacağını və nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çox çətindir. Amma İranda hansısa dəyişiklik baş versə, bu indiki situasiyadan gərgin olmayacaq. Ola bilsin ki, ölüm-itim çox olsun. Ona görə də bu ölkə daxilində böyük təhlükə mövcuddur”.
Arif Rəhimzadəyə görə, İranda baş verənlərin sülh prosesinə, Zəngəzur dəhlizinin açılmasına və regional kommunikasiya xətlərinin blokadadan çıxarılmasına təsiri mümkün görünmür: “Hazırda İranın başı daxili problemlərə qarışıb. Onun regionda həyata keçirilən layihələrə müdaxilə etmək imkanı olmayacaq. Onların əsas problemi "molla rejimi"ni qorumaqdan ibarətdir. Zəngəzur dəhlizi haqqında düşünməyə belə, vaxtları yoxdur”.