BAKI, 7 yanvar. TELEQRAF
Xalq artisti Cahangir Novruzov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Cahangir Novruzov bu təltifə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, 1995-ci ildən Türkiyədə yaşayan C.Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, eyni zamanda Adana Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədr müavinidir.
Xatırladaq ki, "Ordan-Burdan", "Yaşıl eynəkli adam" kimi televiziya tamaşalarında və bir bir çox bədii filmlərdə yaddaqalan obrazlar yaradan C.Novruzov Azərbaycanın ilk peşəkar aktyorlarından olan Cahangir Zeynalovun nəvəsi, Xalq artisti Nəsibə Zeynalovanın oğludur.