BAKI, 8 yanvar. TELEQRAF

"Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycan dili ilə bağlı mövzuya bir daha toxunması olduqca önəmlidir. Sözsüz ki, ölkə başçısının ikinci dəfə dil mövzusuna müraciət etməsi, onun qorunması, inkişafı ilə bağlı söylədiyi fikirlər bir dilçi üçün qiymətli sözlərdir. Ölkə başçısının bu tövsiyəsi ilə Azərbaycan dilinin geniş sürətdə yayılması, dərinləşməsi üçün çox işlər görmək olar".

Bu sözləri Teleqraf-a Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib.

Akademik bildirib ki, bu istiqamətdə artıq konkret işlər görməyin zamanı çatıb: “Azərbaycan dilinin qorunması təkcə onun leksikoloji qatında deyil, bütün sahələrə dair zəruri bir məsələdir. Dilimizi kənar təhdidlərdən, yad ifadələrdən, sözlərdən qorumaqla yanaşı, həm də ədəbiyyatımızın təbliğinə fikir verməliyik”.

Kamal Abdulla hesab edir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini intensivliklə yaya bilsək, bunun mexanizmi müəyyənləşdirilsə, bu dilimizin qorunması üçün çox yaxşı stimul yaradar: “Bu gün yazılan bədii əsərlərdə, televiziya verilişlərində, ictimaiyyətə təqdim edilən dillə bağlı materiallarda dilin təmizliyi ön plana çəkilməlidir. Ona nəzarət edən qurumlar da artıq fəaliyyətə başlamalıdır. Ölkə başçısı də son dərəcə vacib olan dil məsələsini bir daha qaldırmaqla çox gözəl nöqtələrə işarə etdi. Bəyan edildi ki, dil olmasa millətin, dövlətin olması mümkün deyil”.

Rektor hazırda Azərbaycan dilinə ciddi müdaxilələrə rast gəlinmədiyini də qeyd edib: “Amma dilə kiçik müdaxilələr gələcəkdı böyük təhdidlərə yol aça bilər. Bununla elə indidən mübarizə aparmaq vacibdir. Sözsüz ki, ölkə başçısının dillə bağlı toxunduğu məqamlar çox gözəl iqtibaslar üçün əsas verdi. Bütün deyilənlərin də hamısı təkcə dil daşıyıcıları üçün deyil, bu sahənin mütəxəssisləri üçün də vacib olan tövsiyələrdir”.