BAKI, 9 yanvar. TELEQRAF

İranda ümumrespublika miqyasında internetin tamamilə kəsildiyi bildirilir. Hadisə ölkə boyu davam edən kütləvi etirazlar və vətəndaş itaətsizliyi aksiyaları fonunda baş verib.

Teleqraf xəbər verir ki, bu barədə internetin monitorinqi üzrə ixtisaslaşmış "NetBlocks" məlumat yayıb.

Qurumun açıqlamasında qeyd olunur ki, operativ göstəricilər İranda ümummilli internet kəsintisinin qeydə alındığını təsdiqləyir. Bildirilib ki, bu hadisədən əvvəl ölkə üzrə etirazların qarşısını almağa yönəlmiş rəqəmsal senzura tədbirləri mərhələli şəkildə sərtləşdirilib.

Xatırladaq ki, daha əvvəl İranın bir sıra bölgələrində baş verən iğtişaşlar səbəbindən təhlükəsizlik tədbirlərinin gücləndirildiyi açıqlanmışdı.

Bundan başqa, "Mehr" agentliyi silahlı qrupların ölkənin qərbində yerləşən İlam şəhərində küçələrə çıxdığı barədə məlumat yayıb.