BAKI, 7 yanvar. TELEQRAF

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində verdiyi mesajların əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Yola saldığımız 2025-ci il Azərbaycan üçün enerji ixracının şaxələndirilməsi və regional əməkdaşlıqda əldə olunan müvəffəqiyyətlər, böyük infrastruktur layihələrinin icrası, rəqəmsal və texnoloji inkişaf, sosial və əmək bazarı sahəsində beynəlxalq proqramların fəaliyyəti və digər böyük uğurlarla yaddaşlarda qaldı. İlk günlərini yaşadığımız 2026-cı il isə ölkəmizin bütün sahələrdə müvəffəqiyyətlərini davam etdirərək, daha böyük uğurlar əldə edəcəyinə ümid verir və hər birimizi bu yolda yorulmadan çalışmağa ruhlandırır. Bu baxımdan Prezident İlham Əliyevin 2026-cı ilin yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi müsahibə görülən işlərin, əldə edilən uğurların xülasəsi olmaqla yanaşı, həm də ölkəmizin inkişafında yeni nailiyyətlərə yol açacaq layihələrə, əhəmiyyətli proqramlara işıq saçaraq yol göstərən bir mayakdır.

Dövlət başçısının müsahibəsində xüsusilə regionda cərəyan edən proseslər, sosial-iqtisadi inkişaf dinamikası, həyata keçirilən strateji layihələr, həm daxili, həm də xarici siyasətdə qarşıda duran əsas vəzifələr diqqət mərkəzində olub. Təxminən üç saat davam edən müsahibə, ilk növbədə, Prezident İlham Əliyevin media institutuna verdiyi önəmi və mətbuatla açıq, davamlı dialoqa xüsusi əhəmiyyət verdiyini nümayiş etdirir. Bu baxımdan müsahibə cari siyasi gündəmlə yanaşı, Azərbaycanın inkişaf perspektivlərinə dair konseptual baxışın təqdimatı kimi də xüsusi əhəmiyyət daşıyır.

- Ölkə başçısının beynəlxalq münasibətlərə dair verdiyi əsas tezislər nədən ibarət idi?

- Sözsüz ki, dövlət başçımızın müsahibəsində xüsusi yer tutan əsas mövzulardan biri Azərbaycan-Amerika münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasıdır. Cənab Prezidentin vurğuladığı kimi, 2025-ci il bu münasibətlərin tarixində dönüş nöqtəsi oldu. Uzun illər ərzində Bakı-Vaşinqton xəttində münasibətlərin inkişafına ciddi maneə yaradan 907-ci düzəlişin aradan qaldırılması üçün addımlar atılıb, bununla da ABŞ-nin Cənubi Qafqaz siyasətində reallıqlara əsaslanan daha praqmatik yanaşmaya keçidi müşahidə olunub. 907-ci düzəlişin qəbulu öz mahiyyətinə görə həm siyasi, həm də hüquqi baxımdan Azərbaycan üçün açıq ədalətsizlik idi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi, Xocalı soyqırımının törədildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir dövrdə məhz Azərbaycana qarşı “blokada” iddiası ilə sanksiya tətbiq edilməsi beynəlxalq hüququn prinsiplərinə zidd idi. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, həmin dövrdə Ermənistanın Gürcüstan və İranla sərhədləri açıq idi və real blokadadan söhbət gedə bilməzdi. Buna baxmayaraq, erməni lobbisinin təsiri altında qəbul edilən bu düzəliş uzun müddət Azərbaycan–ABŞ münasibətlərinin üzərində siyasi kölgə kimi qalmaqda davam etdi. Dövlət başçısı haqlı olaraq diqqətə çatdırır ki, 907-ci düzəlişin qüvvədə qalmasının əsas səbəblərindən biri də 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olan səriştəsiz və qeyri-peşəkar siyasi idarəetmə idi. O dövrdə milli maraqları beynəlxalq platformalarda müdafiə edə biləcək güclü diplomatik mexanizmlərin olmaması Azərbaycanın informasiya və siyasi mübarizədə uduzmasına gətirib çıxarmışdı.

- Azərbaycan-ABŞ münasibətlərinə dair dövlət başçısı konkret mövqe ortaya qoydu və indiyədək əlaqələrin istənilən səviyyədə olmamasının səbəblərini açıqladı...

- Prezident ABŞ-nin sabiq prezidentləri Obama-Bayden və Bayden-Blinken administrasiyaları dövründə Azərbaycan-ABŞ münasibətlərinin niyə arzuolunan səviyyədə olmadığına da açıq şəkildə aydınlıq gətirdi. Xüsusilə, Baydenin senator olduğu dövrdə 907-ci düzəlişin qəbulunda oynadığı rol, sonrakı mərhələlərdə ABŞ siyasətində ermənipərəst yanaşmaların davam etməsi münasibətlərin böhranlı mərhələyə daxil olmasına səbəb olmuşdur. Buna qarşılıq olaraq, Tramp administrasiyasının hakimiyyətə gəlməsi Azərbaycan-Amerika münasibətlərində yeni siyasi atmosfer formalaşdırıb. Praqmatik, milli maraqlara əsaslanan və nəticəyönümlü xarici siyasət xətti Azərbaycan kimi regionda mühüm geosiyasi çəkiyə malik dövlətlə əməkdaşlığı ABŞ üçün zəruri edir. Konqres tərəfindən hüquqi olaraq tam ləğv edilməsə də, Prezident Trampın iştirakı ilə 907-ci düzəlişə faktiki olaraq son qoyulması güclü siyasi və rəmzi məna daşıyır. Bununla yanaşı, Azərbaycan-ABŞ strateji işçi qrupunun yaradılması və strateji tərəfdaşlıq xartiyasının hazırlanması münasibətlərin institusional müstəviyə keçdiyini göstərir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, hərbi-sənaye əməkdaşlığı və qarşılıqlı sərmayə qoyuluşu kimi sahələrdə aparılan intensiv danışıqlar əlaqələrin artıq strateji xarakter aldığını təsdiqləyir. Xüsusilə, Zəngəzur dəhlizinin açılması məsələsinin ABŞ Prezidenti səviyyəsində dəstəklənməsi Azərbaycanın regional kommunikasiya arxitekturasında aparıcı rolunun beynəlxalq səviyyədə qəbul edildiyini nümayiş etdirir.

- Azərbaycanın xarici siyasət strategiyasına dair açıqlanan əsas istiqamətlər hansılardır?

- Dövlət başçısı müsahibəsində ötən il Azərbaycanın xarici siyasətində əldə olunan mühüm nailiyyətlərdən bəhs etdi. Belə ki, 2025-ci ildə Azərbaycan ilə Çin Xalq Respublikası arasında "Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" imzalanıb, ölkəmiz D-8 təşkilatına üzv qəbul edilib, həmçinin Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv statusu qazanıb. Bu mühüm addımlar Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, çoxtərəfli diplomatiya xəttinin uğurla reallaşdırıldığını və ölkəmizin regional-qlobal əməkdaşlıq platformalarında fəal aktor kimi qəbul edildiyini nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət strategiyası Azərbaycanın həm Şərq, həm də Qərb məkanında etibarlı tərəfdaş kimi mövqelərini daha da möhkəmləndirib.

- Azərbaycan lideri müsahibədə bir daha Azərbaycan dilinin saflığının qorunması ilə bağlı məsələyə toxundu. Bu gün dilimiz üçün əsas təhdidlər nədən ibarətdir?

- Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibədə dil məsələsinə xüsusi yer ayırması təsadüfi deyil. Dövlət başçısının fikirləri dilin təkcə ünsiyyət vasitəsi deyil, milli kimliyin, dövlətçiliyin və siyasi müstəqilliyin əsas sütunlarından biri olduğunu bir daha aydın şəkildə göstərdi. Dövlətimizin başçısının vurğuladığı kimi, dil bayraq, gerb və himnlə yanaşı dövlətin ən fundamental atributlarından biridir və onun qorunması strateji məsələ kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev xalqımızın tarixi taleyinə toxunaraq, əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamağın Azərbaycan xalqının psixologiyasına müəyyən təsirlər göstərdiyini qeyd etdi. Müstəmləkəçilik siyasəti müxtəlif adlar altında həyata keçirilsə də, mahiyyət etibarilə eyni məqsədə – milli kimliyin zəiflədilməsinə xidmət edib. Buna baxmayaraq, Azərbaycan xalqı tarix boyu öz dilini qoruyub saxlayıb, onu nəsildən-nəslə ötürüb. Bu fakt dövlət başçımız tərəfindən xalqın böyüklüyünün və milli şüurun gücünün bariz göstəricisi kimi qiymətləndirilir. Müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri də müasir Azərbaycan dilinin tarixi ardıcıllığı ilə bağlıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün danışdığımız Azərbaycan dili ulu babalarımızın danışdığı dildən mahiyyətcə fərqlənmir. Bu, çox az xalqa nəsib olan nadir tarixi nailiyyətdir. Sovet dövründə müəyyən leksik təsirlərin olmasına baxmayaraq, müstəqillik illərində dilin təmizlənməsi istiqamətində aparılan siyasət milli dilin özünəməxsusluğunu qorumağa imkan verib. Dövlət başçımızın çıxışında dilin zənginliyi və funksional imkanları xüsusi vurğulanır.

Azərbaycan dili istənilən fikri, emosiyanı və bədii düşüncəni ifadə etmək gücünə malik olan melodik və zəngin bir dildir. Dövlət başçısı haqlı olaraq qeyd edir ki, xarici sözlərin ölçüsüz və məqsədsiz şəkildə istifadəsi dili zənginləşdirmir, əksinə, onun strukturuna və milli mahiyyətinə zərər vurur. Bu proses tədricən, “damcı-damcı” milli kimliyin sarsılmasına gətirib çıxara bilər ki, bu da uzunmüddətli perspektivdə dövlətçilik üçün ciddi risklər yaradır. Prezident İlham Əliyevin mövqeyində diqqət çəkən əsas məqamlardan biri balanslı yanaşmadır. Dövlət başçısı çox dil bilməyin əhəmiyyətini müasir dünyanın zərurəti kimi qiymətləndirir. Lakin çoxdillilik ana dilinin kölgəyə düşməsi hesabına olmamalıdır. Xarici dillər beynəlxalq ünsiyyət üçün istifadə edilməli, Azərbaycan dili isə milli düşüncənin və ictimai həyatın əsas dayağı olaraq qorunmalıdır. Müsahibədə Azərbaycan dilinin qorunmasında dövlətin aparıcı rolu xüsusi olaraq vurğulanır.

Prezidentin fikrincə, dünyada 50 milyondan artıq azərbaycanlı yaşasa da, ədəbi dilin qorunması və inkişafı birbaşa Azərbaycan dövlətinin üzərinə düşür. Xaricdə yaşayan azərbaycanlıların ana dilini yalnız məişət səviyyəsində deyil, mükəmməl şəkildə bilməsi milli birliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə onlayn Azərbaycan dili məktəblərinin yaradılması dövlətin diaspor siyasətində yeni və mühüm mərhələdir. Cənab Prezident jurnalistlərin, ziyalıların, yazıçı və şairlərin bu prosesdə xüsusi məsuliyyət daşıdığını vurğulayaraq, efir məkanında və ictimai diskursda dilin saflığının qorunmasının vacibliyini önə çəkir. Çünki ictimai rəyin formalaşmasında sözün gücü və dili istifadə edənlərin nüfuzu həlledici rol oynayır. Nəticə etibarilə, Prezident İlham Əliyevin dil məsələsinə yanaşması onu mədəni-humanitar çərçivədən çıxararaq milli təhlükəsizlik və dövlətçilik kontekstinə gətirir. Azərbaycan dilinin qorunması milli varlığın, suverenliyin və gələcək nəsillərin kimliyinin qorunması məsələsidir. Dövlət başçısının çağırışı aydındır: dili qorumaq hər bir vətəndaşın borcudur və bu borcun yerinə yetirilməsi Azərbaycan dövlətinin və xalqının gələcəyinin təminatıdır.

- Ölkə başçısının müsahibəsində sülh və regionun gələcəyi ilə bağlı açıqladığı istiqamətləri necə xarakterizə etmək olar?

- Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş və məzmunlu müsahibə ölkəmizin siyasi həyatında mühüm hadisədir. Dövlət başçısı müsahibə boyunca həm ötən ilin yekunlarını əhatəli şəkildə təhlil etdi, həm də Azərbaycanın yaxın və orta perspektiv üçün müəyyənləşdirdiyi strateji prioritetləri aydın və ardıcıl formada təqdim etdi. Səsləndirilən mövqelər göstərir ki, Azərbaycan artıq müharibə mərhələsini geridə qoyaraq sülh, sabitlik və dayanıqlı inkişaf mərhələsinə qədəm qoyub. Müsahibədə regional və qlobal proseslərə verilən siyasi qiymət, xarici siyasətdə əldə olunan uğurlar, beynəlxalq tərəfdaşlıqların genişlənməsi və milli maraqlara əsaslanan müstəqil diplomatik xətt Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini təsdiqləyir. Eyni zamanda, dövlətçiliyin əsas dayaqları olan dil, milli kimlik və ictimai həmrəylik məsələlərinə xüsusi vurğu edilməsi cənab Prezidentin strateji baxışının yalnız cari siyasi gündəmlə məhdudlaşmadığını, uzunmüddətli dövlətçilik fəlsəfəsinə söykəndiyini göstərir. Bu müsahibə bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çağırışlara vaxtında və adekvat cavab verən, milli maraqlarını qətiyyətlə qoruyan və gələcəyini aydın strateji hədəflər üzərində quran güclü dövlətdir.

Dövlət başçısının ictimaiyyətə ünvanladığı bu açıq və səmimi dialoq həm cəmiyyətə inam aşılayır, həm də qarşıdakı dövrdə görüləcək işlər üçün siyasi məsuliyyət və milli birlik çağırışı kimi çıxış edir. Bu baxımdan müsahibə Azərbaycanın müasir tarixində yeni mərhələnin ideoloji və siyasi konturlarını müəyyənləşdirən mühüm proqram xarakterli çıxış kimi dəyərləndirilməlidir.