BAKI, 8 yanvar. TELEQRAF
"Prezident İlham Əliyev artıq ikinci dəfədir ki, Azərbaycan dili ilə bağlı mövzuya toxunur. Ölkə başçısı bundan öncə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çıxışında dilimizin bütövlüyünün qorunmasından bəhs etmişdi. Yerli televiziyalara da müsahibəsində dövlət başçısı bir daha bəyan etdi ki, milləti millət edən, onun kimliyini saxlayan, əsrlərdən-əsrlərə saxlayan dildir".
Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
Deputat qeyd edib ki, ölkə başçısı hamımıza dilimizin keşiyində durmağı tapşırıb: “Bu çağırış ondan ibarətdir ki, dilimizdə yad sözlərdən istifadə edilməsin. Jurnalistikada bu sözlərdən istifadə edilir. Amma ədəbiyyatçılar, şairlər, yazıçıların dilində bu sözlərdən elə də istifadə olunmur. Yazıçılarımız misal üçün, Anar Rzayevin, Sabir Rüstəmxanlının, Aqil Abbasın və başqalarının dilində bir dənə də olsun əcnəbi sözə rast gəlmək mümkün deyil. Biz öz dilimizə uyğun sözlərdən istifadə edirik. Amma danışıqda əcnəbi terminlərdən istifadə halları var. Mərhum şairimiz Bəxtiyar Vahabzadə də bir şeirində latın dili haqqında yazır ki, “millət ölüb, dil yaşayır”. Ona görə dilin qorunması çox vacibdir”.
Aqil Abbas hesab edir ki, hazırda dilimizdə ərəb və fars sözlərindən istifadə edilsə də, onlar artıq Azərbaycan pasportu almış ifadələrdir: “Bu gün müasir Türkiyənin dilinə fransızcadan xeyli sözlər daxil olub. Halbuki bu sözlərin qarşılığı türk dillərində mövcuddur.
İndi müasir çağırışlar var və süni intellektin də dilə təsirləri haqqında danışılır. Amma dili robotlaşdırmaq olmaz. Ola bilsin ki, müasir vasitələrdən hansısa sözün Azərbaycan dilində olub-olmamasını yoxlamaq olar. Süni intellekti də insan yaradıb. Orada da müəyyən səhvlər mütləq vardır. İndi sosial şəbəkələrdə də kimisə məcbur etmək olmaz ki, “tşk”, əvəzinə təşəkkür yaz. Özəl televiziyalarda da dil qaydaları pozulur. Oldu sözünün yerinə “ok” deyilir və s. Bu məsələ Milli Məclisdə də qaldırılmışdı. Yəqin ki, onlar da ölkə başçısının bu çağırışlarından ibrət götürəcəklər”.