BAKI, 29 noyabr. TELEQRAF

Ermənistanda gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərinin gərgin keçəcəyi indidən bəllidir. Uzun on illiklər Ermənistanda hakimiyyəti qəsb etmiş keçmiş xunta rejiminin tör-töküntüləri yenidən fəallaşıblar. Bu xüsusda keçmiş prezidentlər, hərbi canilər olan Robert Köçəryan və Serj Sarkisyan daha fəal görünməyə çalışır. Sözsüz ki, Ermənistanda siyasi proseslərə yön verməyə çalışan kilsə də özünü prosesdən kənarda saxlamaq niyyətində deyil. Bütün bunların fonunda Ermənistandakı revanşist kəsim II Qarabağ müharibəsindən sonrakı vəziyyəti dəyişəcəkləri, yenidən Azərbaycanla müharibəyə başlayacaqları, sülh prosesindən imtina edəcəkləri ilə bağlı bəyanatlar verir. Ermənistanda yeni formalaşacaq siyasi hakimiyyətin Azərbaycan və bölgə üçün hansı təhdidlər yaradacağı isə heç də birmənalı görünmür.

Teleqraf-ın sorğusunda iştirak edən YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə hesab edir ki, sülh prosesində bir sıra çətinliklər olsa da, Ermənistanın yenidən Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq ehtimalı azdır.

Onun fikrincə, ermənilərin də içərisində ağlı başında olanlar yeni müharibənin necə nəticələnəcəyini bilir: “II Qarabağ müharibəsinin nəticələri onlar üçün dərs olmalıdır. Çünki onlar yenidən Azərbaycanla müharibə aparmaq iqtidarında deyillər”.

Arif Rəhimzadəyə görə, Ermənistanda hakimiyyətə revanşistlərin gəlməsi belə heç nəyi dəyişməyəcək: “Çünki onların qarşısında indi daha güclü Azərbaycan var. Ordumuz, milli birliyimiz qarşısında hər hansı bir cəhd Ermənistan üçün ağır nəticələrə səbəb olacaq”.

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə isə hesab edir ki, Ermənistanda revanşistlərin hakimiyyətə gəlməsi zor gücünə mümkün ola bilər.

Partiya sədrinə görə, seçkilərdən söhbət gedirsə, onlar bir neçə seçkidə açıq şəkildə məğlub olublar: “Bunun əvəzində erməni xalqı hazırkı Baş nazir Nikol Paşinyana öz dəstəyini ifadə edib. Bu da onunla bağlıdır ki, erməni cəmiyyətinin əksər hissəsi sülh və Ermənistanın müstəqilliyini, onun imperiyadan azad olunmasını istəyir. Revanşistlərin isə keçmiş imperiyanın (Rusiya imperiyası nəzərdə tutulur-red.) xüsusi hərbi orqanlarının nümayəndələri olduqlarına, Ermənistanı taladıqlarına görə erməni cəmiyyətində birmənalı münasibət var. Vaxtilə Xankəndidə mövcud olmuş kombinatın komsomol katibi bu gün Avropanın ən böyük milyarderlərindən biridir. Həmçinin, bu gün İrəvanın böyük bir hissəsi keçmiş prezident Serj Sarkisyan və ailəsinə məxsusdur”.

Asim Mollazadənin fikrincə, revanşistlərin seçki yolu ilə Ermənistanda hakimiyyətə gəlmək şansları yoxdur: “Ancaq hərbi yolla, zor gücünə hakimiyyəti devirə bilərlər. Çox güman ki, buna da hazırlıq gedir”.

Azərbaycan Xalq Partiyasının (AXP) sabiq sədri Pənah Hüseyn bildirib ki, revanşist qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsi Azərbaycanla müharibə elanına bərabər bir akt olar.

Onun fikrincə, Azərbaycan tərəfi bu prosesə hazır olmalıdır: “Sözsüz ki, Ermənistanda hakimiyyət dəyişikliyinin olub-olmaması ehtimalı var. Kənardan, konkret olaraq Rusiyadan Ermənistandakı proseslərə müdaxilə olmasa hazırkı Baş nazir Nikol Paşinyanın gələn ilki parlament seçkilərində qələbə qazanmaq ehtimalı böyükdür”.

Pənah Hüseyn hesab edir ki, Azərbaycan özünün açıq mövqeyini ortaya qoymaqla mümkün olan addımı atıb: “Təbii ki, Azərbaycan oturub Ermənistanda revanşistlərin hakimiyyətə gəlməsi fonunda özünə qarşı təcavüzün hansı dəqiqə və anda başlamasını gözləməyəcək. Belə olan halda Azərbaycanın dərhal özünü müdafiə hüququ yaranır. Proseslərin sonrakı inkişafı Azərbaycana Silahlı Qüvvələri daxil olmaqla bütün legitim vasitələrdən istifadə imkanı verir. Ona görə də erməni cəmiyyəti və Ermənistandakı siyasi qüvvələr bu məsələlərin necə olmasına görə cavab verəcək. Həm də məşhur bir deyimdə olduğu kimi, “sülh istəyiriksə, gərək müharibəyə də hazır olaq”.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğluna görə, regionda sülhü təmin edən Azərbaycanın gücüdür.

Deputatın sözlərinə görə, Azərbaycan həmişə güclü olmalıdır və güclü olacaq ki, regionda sülhü təmin etsin: “Nəticə etibarı ilə, Cənubi Qafqazda sülhün təmin olunması artıq region ölkələrin də maraqları daxilindədir. Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmış olmasa belə, artıq mümkün sülhdən sonra çox böyük iqtisadi perspektivlərin, inteqrasiyanın olduğunu hamı dərk edir. Ona görə də gələn il Ermənistanda keçiriləcək seçkilər məhz bunu təyin edəcək”.

Hikmət Babaoğlu hesab edir ki, sülhpərvər mövqedən çıxış edənlər qalib gələcəksə, sülh daha möhkəm olacaq: “Bunun əksinə, əgər Ermənistanda radikallar hakimiyyətə gələcəksə, Azərbaycan yenidən Dəmir Yumruqla sülhü təmin edəcək. Amma indiki şərtlər daxilində Ermənistanda radikalların yenidən hakimiyyətə gəlməsi mümkün görünmür. Sözsüz ki, kənar qüvvələr radikalları təşkilatlandırıb yenidən təhdidə çevirə bilərlərsə, o zaman şərtlər dəyişəcək. Radikallar hakimiyyətə gəlsələr belə, onlar Azərbaycanın dəmir yumruğunun təsiri altında sülhü təmin etməyə məcbur olacaqlar”.