BAKI, 18 oktyabr. TELEQRAF
İqlim dəyişikliyi və ətraf mühitin deqradasiyasından irəli gələn çağırışlar artır və dünyada milyardlarla insanın həyatına, həmçinin hüquqlarına mənfi təsir göstərir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin birinci katibi Şahriyar Hacıyev “İnsan hüquqlarının təşviqi və müdafiəsi” mövzusunda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasının Üçüncü Komitəsinin iclasında iqlim və ətraf mühit üzrə xüsusi məruzəçilərlə interaktiv dialoq zamanı bildirib.
Diplomat qeyd edib ki, Azərbaycanın sədrliyi ilə keçirilən COP29 zamanı qəbul edilmiş “Bakı Maliyyə Məqsədi” inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər illik ən azı 300 milyard ABŞ dolları vəsaitin səfərbər edilməsini nəzərdə tutur.
Ş.Hacıyev vurğulayıb ki, iqlim dəyişiklikləri nəticəsində yaranan məcburi köç, yoxsulluq, qida çatışmazlığı, aclıq və su qıtlığı kimi insan hüquqları problemlərinin həlli beynəlxalq ictimaiyyətin birgə və effektiv fəaliyyətini tələb edir.
O həmçinin bildirib ki, Azərbaycan 2024-cü ildə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə IV könüllü milli hesabatını təqdim edib və oradakı tədbirlər əhalinin rifahının təmin olunmasına yönəlib.