BAKI, 6 iyun. TELEQRAF
Türkiyə Prezident Adminstarsiyası Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Ankara Sosial Elmlər Universitetinin (ASBÜ) siyasi elmlər fakültəsinin dekanı, professor Mehmet Akif Kireçci "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Akif bəy, 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi ikitərəfli münasibətlərdə yeni dövrün başlanğıcı kimi qəbul olunur. Bu sənədin diplomatik və hərbi sahədəki əks-sədaları haqqında nə deyə bilərsiniz?
- 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” anlayışını strateji ortaqlıq və müttəfiqlik çərçivəsində hüquqi əsaslara dayanan tarixi bir sənəd kimi təsdiqlədi. Bu sənədin Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərdə diplomatik, hərbi və iqtisadi sahələr üzrə yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməsi tamamilə doğrudur.
Şuşa Bəyannaməsi regionda diplomatik və geosiyasi baxımdan yeni bir düzənin əsasını qoydu. Qardaşlıq münasibətləri artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan və Türkiyə beynəlxalq platformalarda bir-birini daha koordinasiyalı şəkildə dəstəkləyir və ortaq siyasi duruş nümayiş etdirirlər. Bu sənəd çərçivəsində iki ölkə arasında diplomatik, hərbi və iqtisadi əməkdaşlıq daha da dərinləşdirilir.
Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ortaq vizyonun genişləndirilməsi üçün Şuşa Bəyannaməsi mühüm bir istinad nöqtəsidir. Xüsusilə Cənubi Qafqaz və Orta Asiyada baş verən proseslər, enerji təhlükəsizliyi və nəqliyyat koridorları bu əməkdaşlığın əsas istiqamətlərindən biridir.
Eyni zamanda “3+3 platforması” adlanan, Azərbaycan, Türkiyə, İran və digər region ölkələrinin iştirakı ilə formalaşan regional əməkdaşlıq təşəbbüsləri bu əlaqələri daha da dərinləşdirir. Regionda qalıcı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan və Türkiyə aparıcı rol oynayır.
Bəyannamədə Zəngəzur dəhlizinin açılması və təhlükəsizliyinin təmin olunması məsələsi də xüsusi olaraq qeyd olunur. Bu dəhliz vasitəsilə Naxçıvan üzərindən Türkiyə ilə birbaşa bağlantının yaradılması regionda strateji nəqliyyat və enerji kommunikasiyalarını yenidən formalaşdırır. Ən mühüm məqamlardan biri odur ki, Şuşa Bəyannaməsi tərəflərdən birinin müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüquqla tanınmış sərhədlərinə qarşı təhdid yarandıqda, qarşılıqlı hərbi yardım göstərilməsini nəzərdə tutur.
Bu maddə BMT Nizamnaməsinin özünümüdafiə hüququna əsaslanır və bir növ NATO-nun 5-ci maddəsinə bənzər şəkildə şərh olunur. Müdafiə sənayesi sahəsində də əməkdaşlıq yüksək səviyyədə davam edir. Tərəflər arasında birgə istehsal, texnologiya mübadiləsi və hərbi təlimlər təşkil olunur. Sənaye və iqtisadi sahələrdə də ortaq layihələr gerçəkləşdirilir və əlaqələr möhkəm hüquqi və strateji zəmin üzərində inkişaf edir.
Şuşa Bəyannaməsi həmçinin mədəniyyət sahəsində əməkdaşlığı da əhatə edir. Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi siyasi və mənəvi dəstək bu kontekstdə xüsusi önəm daşıyır. Bu, Türk dünyasında birliyin və qarşılıqlı dəstəyin gücləndirilməsinə xidmət edir.
- Türkiyə-Azərbaycan münasibətləri artıq sadəcə iki dost və qardaş ölkə arasındakı əlaqə deyil, eyni zamanda sənədlərlə təsbit olunmuş strateji müttəfiqlikdir. Sizcə, bu strateji ittifaq Cənubi Qafqazdakı digər ölkələr tərəfindən necə qəbul olunur?
- Türkiyə-Azərbaycan strateji ortaqlığı, xüsusilə 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bölgədə yeni güc balansının formalaşmasına səbəb olub. Bu sənəd iki ölkə arasındakı münasibətləri siyasi çərçivədən çıxarıb, hüquqi və hərbi sahələrdə də dərinləşdirib. Nəticədə bölgədəki digər ölkələr, Rusiya, İran və Ermənistan bu əməkdaşlığa fərqli reaksiyalar veriblər. Rusiya bölgədəki təsir imkanlarını itirmək istəmir və Azərbaycanı hələ də öz yaxın çevrəsi kimi görür. Moskva üçün Bakı ilə münasibətləri qoruyub saxlamaq strateji əhəmiyyət daşıyır.
Türkiyənin bölgəyə daxil olması Rusiya tərəfindən "NATO-nun bölgəyə girişi" kimi də şərh oluna bilər. Türkiyə bu həssas tarazlığı qorumağa çalışır və Rusiya ilə praqmatik əməkdaşlıq xəttini davam etdirir. Rusiya isə Türkiyənin təsirini tamamilə bloklamaq istəmir, lakin öz mövqeyini də zəiflətməyə razı deyil. Bu baxımdan Moskva uzunmüddətli balans siyasətinə üstünlük verir.
Bu məsələdə İran daha narahatdır. İran Zəngəzur dəhlizinin açılmasını həm Ermənistanla sərhəd bağlantısına, həm də özünün Şimal-Cənub tranzit marşrutlarına təhdid kimi qiymətləndirir. Bundan əlavə, İran daxilində yaşayan türklərin sayı və Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyəsi Tehranda narahatlıq doğurur. Bu səbəbdən İran Ermənistanla yaxınlaşmağa və Rusiya ilə koordinasiyanı gücləndirməyə çalışır.
Ermənistan isə bu yaxınlaşmanı birbaşa təhlükə kimi qiymətləndirir. Bakı və Ankara ilə eyni vaxtda təzyiq altında olduğunu düşünür. Lakin Ermənistan daxilində də bu proseslərə baxış ikilidir. Bir tərəfdən, izolyasiya və iqtisadi təcrid qorxusu var. Digər tərəfdən, regional əməkdaşlığa qoşulmaq üçün sülh prosesində irəliləyişə ümid bəslənir.
Ermənistan Türkiyə və digər regional güclərlə əlaqələri normallaşdırmağa məcbur olduğunu anlayır. Bu da onu Qərb ölkələri, xüsusilə ABŞ və Fransa ilə təhlükəsizlik əməkdaşlığını gücləndirməyə vadar edir. Bütün bu dinamika bölgədə ciddi siyasi və diplomatik hərəkətliliyə səbəb olub. Türkiyə-Azərbaycan yaxınlaşması artıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasında əsas müəyyənedici faktor kimi çıxış edir.
- Qarabağ müharibəsindən sonra bölgədə formalaşan yeni geosiyasi tarazlığı necə qiymətləndirirsiniz? Türkiyənin bu prosesdəki diplomatik rolu sizcə yetərincə effektiv oldumu?
- Qarabağ müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi mənzərə Azərbaycanın həm diplomatik, həm də hərbi sahədə əldə etdiyi mühüm qələbə ilə nəticələndi. Bu prosesdə Türkiyənin rolu xüsusilə diqqətəlayiq idi. Ankara müharibə dövründə və sonrakı mərhələdə Azərbaycana təkcə siyasi deyil, diplomatik platformalarda da güclü dəstək verdi. Bu, bölgədə ciddi bir status dəyişikliyinə yol açdı.
Uzun illər Qərb ölkələrinin, ABŞ, Fransa və Rusiyanın səssiz qaldığı bir işğal faktı mövcud idi. Xüsusilə, Rusiya məsələnin olduğu kimi qalmasını istəyirdi. Lakin Azərbaycanın hərbi uğuru və Türkiyənin siyasi mövqeyi bu durumu dəyişdi. Beynəlxalq münasibətlər üzrə mütəxəssis kimi hesab edirəm ki, bu prosesdə gələn beynəlxalq reaksiyaların yumşaldılmasında Türkiyənin təsiri az deyil.
Türkiyə regionda həm NATO üzvü, həm də Şərq-Qərb arasında mühüm geosiyasi ölkədir. Böyük güc olaraq bölgəyə sülh və sabitlik gətirə biləcək əsas ölkələrdən biridir. Əgər Azərbaycan bu mərhələdə tək qalsaydı, proses daha çətin ola bilərdi. Ciddi iqtisadi və diplomatik təzyiqlərə məruz qala bilərdi. Türkiyə bu cür basqıların qarşısını almaqda həlledici rol oynadı. Ankara əlindən gələn hər şeyi etdi və bu, Azərbaycanın maraqlarının qorunmasında mühüm təsir göstərdi. Nəticə etibarilə bölgədə yeni bir geosiyasi tarazlıq formalaşdı.
Azərbaycan artıq işğala məruz qalan ölkə deyil, əksinə, torpaq bütövlüyünü təmin etmiş, qalib bir dövlətdir. Bu isə beynəlxalq münasibətlər sistemində onun statusunu dəyişir və yüksəliş dövrünün başlanğıcına işarə edir. Təbii ki, bu yüksəlişi idarə etmək də bir o qədər çətindir, amma indiyədək olan proseslər göstərir ki, Azərbaycan bu mərhələni uğurla idarə edir. Əgər Türkiyə bu prosesdə bu qədər fəal iştirak etməsəydi, bölgədə uzunmüddətli sabitlik və davamlı sülhün təmin olunması daha çətin olardı.
- Türkiyənin Orta Asiyaya birbaşa çıxışı baxımından Zəngəzur dəhlizinin açılması hansı regional güc balanslarını dəyişə bilər?
- Bu dəhlizin açılması təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və ona bitişik bölgələr üçün mühüm siyasi və iqtisadi nəticələr doğura bilər. Bu, regionda yeni geosiyasi reallıqlar formalaşdırmaq potensialına malikdir. Belə bir nəqliyyat xəttinin fəaliyyətə başlaması həm Türkiyə, həm də Azərbaycanın strateji əhəmiyyətini önəmli dərəcədə artıracaq.
Əslində, bu təşəbbüs bizi birgə hərəkətə sövq edir və bu birlik anlayışı olduqca vacibdir. Əgər dəhliz vasitəsilə Türkiyənin Orta Asiyaya fasiləsiz çıxışı təmin olunarsa, bu, geoiqtisadi baxımdan böyük bir irəliləyiş olacaq. Həm Azərbaycan, həm də Türkiyə bu imkanı reallaşdırmaq üçün bütün səylərini səfərbər etməlidir. Yeni marşrut vasitəsilə Türkiyə və Azərbaycan üzərindən Xəzər dənizinə, oradan isə Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan və Qırğızıstana quru yolla birbaşa bağlantı qurulacaq. Bu isə əsrlərlə gözlənilən və mühüm hesab edilən tarixi bir açılımdır.
Eyni zamanda bu dəhliz, Türkiyənin “Orta Dəhliz” adlandırdığı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundakı rolunu daha da gücləndirəcək. Logistika baxımından bu layihə nəqliyyat xərclərini azaldacaq, Asiyadan Avropaya mal daşımalarının sürətini və səmərəliliyini artıracaq. Bu da öz növbəsində bölgəyətrafı ölkələr üçün də iqtisadi cəhətdən faydalı olacaq.
Bu dəhliz Azərbaycanın logistik mərkəzə çevrilməsi baxımından böyük potensiala malikdir. Əgər layihə uğurla başa çatarsa, Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə əsas tranzit qovşağa çevrilə bilər. Eyni zamanda Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında birbaşa quru əlaqəsinin yaradılması təkcə Bakı üçün deyil, Türkiyə üçün də strateji əhəmiyyət daşıyır.
Bu dəhlizə qarşı neqativ və düşmən mövqeyi nümayiş etdirməyə ehtiyac yoxdur. Əksinə, region ölkələri bu marşrutdan iqtisadi və logistik baxımdan faydalana bilərlər. Mən bu layihəni Cənubi Qafqaz üçün böyük bir qazanc hesab edirəm. Bu təşəbbüs bölgəyə xaricdən yönələn neqativ təsirlərin qarşısının alınmasında da əhəmiyyətli rol oynaya bilər. Ticarətin canlanması və iqtisadi əməkdaşlığın artması bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.
Bu dəhliz həm də bölgədə nüfuz uğrunda mübarizə aparan xarici güclərin təsir imkanlarını məhdudlaşdıra bilər. Rusiya bu dəhliz prosesini öz maraqları çərçivəsində tənzimləməyə və nəzarət etməyə çalışacaq. Lakin bu, eyni zamanda həm rəqabət, həm də əməkdaşlıq fürsətlərini ehtiva edir. Mövcud regional balansda iştirak etmək üçün digər üçüncü ölkələr də bu layihədən kənarda qalmaq istəməyəcəklər.
İranın bu məsələ ilə bağlı narahatlıqları var. Xüsusilə, sərhədlərin dəyişdirilməsi və ya dəhliz üzərindən suverenliyə xələl gəlməsi ehtimalı ilə bağlı zaman-zaman sərt mövqelər nümayiş etdirir. Lakin bu kimi narahatlıqlar qarşılıqlı diplomatiya və ticarət əlaqələrinin gücləndirilməsi yolu ilə aradan qaldırıla bilər.

- Beynəlxalq hüquq baxımından Zəngəzur dəhlizinin statusu necə qiymətləndirilməlidir? Bu məsələdə beynəlxalq ictimaiyyətin mövqeyi hansı istiqamətdə formalaşa bilər?
- Əldə olan məlumatlara əsaslanaraq demək olar ki, bu məsələ ətrafındakı əsas müzakirə 2020-ci il 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə əsaslanır. Yəni bu sənədə görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalı, Ermənistan vətəndaşlarının və nəqliyyat vasitələrinin hər iki istiqamətdə təhlükəsiz hərəkəti təmin edilməli, Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat və kommunikasiya əlaqəsi yaradılmalıdır.
Bu nəqliyyatın təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətləri nəzarət etməlidir. Azərbaycan bu müddəaya əsaslanaraq, Ermənistan ərazisindən Naxçıvana suverenlik məhdudiyyəti olmadan fasiləsiz keçid hüququ əldə etdiyini iddia edir. Bu baxış Laçın dəhlizinə bənzər bir statusun formalaşması ehtimalını gündəmə gətirir. Ermənistan isə bildirir ki, onun ərazisindən keçəcək hər hansı bir yol onun suverenliyi və gömrük nəzarəti altında olmalıdır. “Dəhliz” ifadəsinin də onun ərazi bütövlüyünə xələl gətirəcək şəkildə şərh olunmasına qarşı çıxır.
Ermənistan iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına prinsip etibarilə qarşı deyil, lakin bu prosesin onun qanunvericiliyi və suverenlik çərçivəsində aparılmasını istəyir. Burada sual doğuran məsələlərdən biri də 10 noyabr bəyanatının beynəlxalq hüquqi müqaviləmi, yoxsa sadəcə siyasi razılaşmamı olması ilə bağlıdır. Tərəflərin bu sənədə imza atması onları müəyyən öhdəliklər altına salır.
Beynəlxalq hüquqda “pacta sunt servanda” prinsipi – yəni “razılaşmalara sadiqlik” – əsas götürülür və bu prinsipə əsasən tərəflər bu öhdəlikləri xoş niyyətlə yerinə yetirməlidirlər. Lakin sənəddə bəzi qeyri-müəyyən ifadələr də mövcuddur. Məsələn, malların və yük daşımalarının keçidi zamanı hansı tərəfin nəzarət və yoxlama hüququna malik olacağı, bu proseslərin kimin tərəfindən həyata keçiriləcəyi kimi məsələlər Ermənistan tərəfindən tez-tez gündəmə gətirilir.
Azərbaycanın mövqeyi isə daha çox fasiləsiz və təhlükəsiz keçid hüququnun təmin olunmasına yönəlib. Bu da öz növbəsində müəyyən istisna hallar üçün ayrıca hüquqi rejim tələbi yaradır. Beynəlxalq hüquqda “keçid hüququ” (right of transit) anlayışı mövcuddur. Bu, bəzi hallarda bir dövlətin digər dövlətin vətəndaşlarına və ya yük daşıyıcılarına öz ərazisindən keçid təmin etmə öhdəliyini nəzərdə tutur. Məsələn, dənizə çıxışı olmayan ölkələrin dənizə çıxışı ilə bağlı oxşar hüquqi mexanizmlər var.
Ancaq Zəngəzur dəhlizi ilə bağlı belə bir oturuşmuş beynəlxalq hüquqi presedent və ya müqavilə hələ formalaşmayıb. Məsələ hələlik üçtərəfli Bəyanatın hüquqi şərhinə əsaslanır. Beynəlxalq hüquqda “dəhliz” anlayışının özü də müxtəlif mənalar daşıyır. Bəzən bu anlayış tam suverenlik transferini ifadə edir, bəzən isə yalnız konkret məqsədlər üçün - məsələn, nəqliyyat - məhdud hüquqlar verən keçid rejimini əhatə edir. Laçın koridoruna verilən status Zəngəzur dəhlizi üçün gözlənilən özəl bir status yarada bilər.
Ancaq hazırkı vəziyyətdə tərəflərin razlığı üçün fərqli yanaşma tərzi yarada bilir. Beynəlxalq ictimaiyyətin mövqeyinə gəldikdə isə Rusiya 10 noyabr bəyanatının əsas tərəflərindən və təminatçılarından biri olaraq dəhlizin açılmasını dəstəkləyir. Burada heç bir şübhə yoxdur. Çünki bu, Rusiyanın regiondakı nüfuzunu davam etməsi anlamına gəlir.
Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyir və dəhlizin tez bir zamanda açılmasının həm ikitərəfli, həm də regional nəqliyyat bağlantıları baxımından həyati əhəmiyyət daşıdığını bildirir. İran isə məlum olduğu kimi, bu dəhlizə qarşı çıxır. Onun əsas narahatlığı regionda geosiyasi balansın dəyişməsi və öz sərhəd bağlantılarına təhlükə yaranması ilə bağlıdır. İran suverenlik və ərazi bütövlüyü ilə bağlı dəyişikliklərə qarşı çıxır.
Avropa İttifaqı və ABŞ isə bölgədəki nəqliyyat əlaqələrinin genişlənməsini və regional inteqrasiyanı ümumilikdə dəstəkləyir. Lakin bu proseslərin dövlətlərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməsini zəruri hesab edirlər. BMT bu məsələyə yönəlik konkret hüquqi mövqe bildirməyib. Lakin təşkilat tərəfləri beynəlxalq hüquq və diplomatik dialoq çərçivəsində əməkdaşlığa və qarşılıqlı anlaşmaya çağırır. Nəticə olaraq, bu məsələ beynəlxalq hüquq çərçivəsində ortaq məntiqlə, qarşılıqlı razılaşma və konsensus əsasında həll olunmalıdır.
- Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində lokomotiv ölkələr kimi önə çıxır. Sizcə, bu struktur uzun müddətdə Avropa İttifaqı (Aİ) və ya Şanxay Əməkdaşlıq Təşkilatına bənzər siyasi-hərbi bir quruma çevrilə bilərmi?
- Şanxay Əməkdaşlıq Təşkilatında da, Avropa İttifaqında da mənim bildiyim qədərilə hərbi birlik məsələsi bir qədər zəifdir. Amma siyasi struktur baxımından desək, burada potensial var, imkanlar var, hər mövzuda olduğu kimi.
Əvvəlcə mövcud durumu analiz edəcək olsaq, bizim "Türk Dünyası 2040" Ortaq Baxış Sənədimiz var və 2022-2026-cı illəri əhatə edən sənədlərdə də göstərildiyi kimi, ilk növbədə dil, mədəniyyət və tarixi ortaq cəhətlərə əsaslanan bir birlik hədəfimiz var. Bu cür məsələləri zamana yaymaq lazımdır. Bir anda istədiyimiz nəticəni əldə etmək asan olmur, zamanla yaymaq lazımdır. Məsələn, Avropa İttifaqının tarixi inkişafına baxın: İkinci Dünya Müharibəsindən sonra, 1957-ci illərdə kömür birliyi əsasında qurulub, bu gün artıq hüquq ixrac edən, “noxud paylayan” bir mövqeyə gəlib.
Ümid edirik ki, bizdə də - yəni mədəni, tarixi və siyasi birlik reallaşdığı zaman - digər sahələrdə inteqrasiya öz-özünə baş verə bilər. Yəni siz "hərbi ittifaq quracağıq" deyə yola çıxmırsınız, amma mədəni və insani əlaqələriniz, iqtisadi əməkdaşlığınız, siyasi məsləhətləşmə mexanizmləriniz dərinləşdikcə, bu təbii olaraq formalaşır. Ona görə də işin əvvəllərində buna "hərbi əməkdaşlıq" adı verməyə ehtiyac yoxdur. Amma əməkdaşlığı dərinləşdirmək, sistemi düzgün qurmaq və bunu sülhpərvər məqsədlərlə etmək sizi müəyyən bir nöqtəyə aparır.
Müqayisə aparmalı olsaq, Aİ-də çox dərin iqtisadi inteqrasiya var - vahid bazar, ortaq pul vahidi kimi məsələlər. Aİ, həm də "supranational", yəni dövlətlərüstü bir qurumdur. Ortaq xarici və təhlükəsizlik siyasəti var, amma ortaq ordusu yoxdur. NATO ilə paralel hərəkət edilir. ABŞ ilə yollar ayrıldıqdan sonra ortaq ordu ola bilərmi? Bu isə ayrıca bir müzakirə mövzusudur.
Aİ bir qədər fərqlidir, Şanxay Əməkdaşlıq Təşkilatında isə əksinə, əsas diqqət təhlükəsizlik məsələlərinə yönəlib. Terrorizmlə mübarizə, ayrıseçkilik və ifratçılıqla mübarizə əsas hədəflərdir. Orada hərbi təlimlər və kəşfiyyat mübadiləsi daha çox önəmlidir.
Bizim TDT-də strukturumuza baxdıqda isə, geosiyasi rəqabət bizi bu istiqamətə məcbur edə bilər. Dünyadakı geosiyasi rəqabət, Türkiyə-Azərbaycan ittifaqı bir modelə çevrildi. Digər ölkələrin də bənzər təhdidlərlə üzləşməsi bizi sürətlə hərbi ittifaqa və ya razılaşmaya yönləndirə bilər. Ortaq təhdid qavrayışları — məsələn, terrorizm və separatçı hərəkatlar kimi mövzular - sürətli hərbi strukturlaşmanın qarşısını aça bilər.
Bütün bunların reallaşa bilməsi üçün bir daha qeyd edirik: həm institusional imkanların artırılması, həm də iqtisadi təməllərin gücləndirilməsi vacibdir.