BAKI, 2 iyun. TELEQRAF
"Dilimizdə bu gün daha çox işlədilən əcnəbi sözlərin əlavə və yaxud ehtiyat lüğətə salınması ilə bağlı fikirlər səslənir. Lüğət lüğətdir, amma ehtiyat lüğət nədir, mən onu başa düşmürəm. Yəqin ki, onu dilçilər daha yaxşı bilərlər. Mən isə ədəbiyyatçıyam. Amma elə sözlər var ki, onun qarşılığı var, biz də onu olduğu kimi ədəbiyyatda işlətməliyik".
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas dilimizdə söz ehtiyatının artırılmasına münasibət bildirərkən deyib.
Onun fikrincə, dildə bu gün əcnəbi sözlər daha çox istifadə olunur deyə, onları ədəbiyyata salmaq olmaz: “Ədəbiyyatda təmiz Azərbaycan dilidir və belə də olmalıdır. Amma söz yaradıcılığı anlayışı başqadır. Xəlil Rza, Rəsul Rza və başqa ədiblərimiz söz yaradıblar. Xalq şairi Səməd Vurğunun yaradıcılığında söz yaratmaq daha çox olub. O dialektdəki sözləri gətirib ədəbiyyatın sözü edib. Söz adamı kimi durub deyə bilmərəm ki, söz yaratmışam, bu yalan olar”.
Yazıçı hesab edir ki, dilimizdə hamam sözü varsa, ona niyə “banyo” deməliyəm: “Arxaik sözlərdən ədəbiyyatda daha çox Məmməd Araz istifadə edib. Süleyman Rəhimov da arxaik sözlərdən yararlanıb. Onun ədəbiyyata gətirdiyi bu tip sözlər, heç lüğətdə də yoxdur. Ona görə də ədəbiyyatçı, yazıçı kimi qarşılığı ola-ola əcnəbi sözlərin dildə daha çox istifadəsinə yaxşı baxmıram”.
Aqil Abbas, həmçinin 350 milyonluq türk xalqlarının istifadə etdiyi sözlərin bir çoxunun dilimizə daxil olduğunu söyləyib: “Müəyyən sözlərin onlarda qarşılığı var. Məsələn, bizdə özəlləşdirmə sözü yox idi. Biz onu Türkiyə türkcəsindən götürdük. Eyni zamanda türk dillərində istifadə edilən fransız və başqa dillərdən götürülmüş sözlər var ki, bunların uyğunsuzluğu çoxdur. Onlar da bu sözlərin əsl qarşılığını bizim dildən götürə bilərlər. Dil sözsüz ki, öz-özünü təmizləyir. Amma söz də gərək vətəndaşlıq hüququ qazana bilsin”.