BAKI, 26 may. TELEQRAF

ReAl Partiyasının sədri Natiq Cəfərli "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təcili İrəvan səfəri, “Qarabağı rus silahı ilə tutmuşdunuz, vasitəçilik edə bilərik, bizə sona kimi arxalana bilərsiniz” mesajları ilə Kremlin baş diplomatı nə demək istəyirdi? ABŞ Dövlət katibi Mark Rubio isə Azərbaycanla Ermənistan arasında müharibə riskindən danışıb. Bunu böyük güclərin Cənubi Qafqaza artan marağı kimi də izah edirlər...

- Post-sovet ölkələrindəki bütün münaqişələrin günahkarı, səbəbkarı Rusiyadır. Kremlin siyasəti nəticəsində Azərbaycanda keçmiş Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı, Ukraynada isə hazırda baş verən dəhşətli müharibə, Rusiyanın işğalı faktı, Orta Asiya ölkələrinin daxilində yaşanan problemlər Moskvanın təsirlərinin nəticəsidir. Sadəcə, Qarabağ məsələsində Azərbaycanın qurduğu ittifaqlar, ölkəmizin güclənməsi, Ordumuzun qüdrəti və işlək mexanizmlərin qurulması Rusiyanın əl-qolunu bağladı. Nəticədə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyni təmin etdi. Bu tarixi nailiyyətdir. Postsovet məkanında yeganə olaraq, Azərbaycan separatizmə qalib gəlməklə yanaşı, özünün təhlükəsizlik çətirini yarada bilib. Azərbaycanla Türkiyə arasında qurulan ittifaq ölkəmiz üçün həm də təhlükəsizlik çətiri rolunu oynayır. Bu isə Rusiyanı narahat edir. Ukrayna müharibəsində özünün qalib gəldiyini düşünərək Kreml postsovet ölkələrinə daha çox təsir imkanlarını genişləndirməyə, itirilmiş mövqelərini bərpa etməyə çalışır ki, Cənubi Qafqaz da həmin mövqelərdən biridir.

- Moskvanın asanlıqla Cənubi Qafqazda əvvəlki situasiyanı yarada biləcəyi ehtimalı varmı?

- Cənubi Qafqazda Rusiyanın zəifləməsinin əsas səbəbkarı Azərbaycan -Türkiyə münasibətlərinin daha aktiv fazaya yüksəlməsidir. Ermənistanda ictimai rəyin Rusiyaya qarşı çevrilməsinin əsas səbəbkarı da Bakı-Ankara ittifaqıdır. Bunu da rəsmi Moskva çox gözəl bilir. Ona görə də Kreml itirilmiş mövqelərini bərpa etməyə çalışır.

- Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında üçüncü tərəfin iştirakı ilə bağlı ehtimallar nədən ibarətdir?

- Hazırda region uğrunda mübarizə davam edir. Gələcəkdə sülh danışıqlarının da kimin moderatorluğu ilə həyata keçiriləcəyi də önəmlidir. ABŞ və Rusiya burada moderator rolunda çıxış etmək istəyirlər. Amma Azərbaycanın öz siyasəti var. Ona görə də Azərbaycanla Ermənistan arasındakı sülh sazişinin nə Rusiyanın, nə də ki, ABŞ-nin moderatorluğu ilə imzalanmasına ehtiyac var. Çünki Azərbaycanla Ermənistan arasındakı birbaşa danışıqlar daha uğurlu gedir. Bunun fonunda prosesi yekunlaşdırıb, yaxın zamanlarda sülh sazişini də imzalamaq lazımdır ki, bura kənar müdaxilələr mümkünsüz olsun.