VARŞAVA, 21 may. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Macarıstana səfər edib. Səfər çərçivəsində rəsmi olaraq dövlət başçıları səviyyəsində bir neçə görüşlər keçirilib. Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvəsinin Budapeştdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Zirvə görüşü dövlət başçılarına prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələləri həll etmək üçün mühüm imkanlar yaradacaq.

Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarət İnstitutunun baş müşaviri professor Laszlo Vaşa Teleqrafa-a Azərbaycan və Macarıstan arasında əlaqələr, eyni zamanda, Türk dünyası ilə bağlı görülən işlər barədə məlumat verib.

O qeyd edib ki, Azərbaycan və Macarıstan ən yüksək səviyyəli strateji münasibətlərə malikdir: “Bu münasibətlərə iqtisadi, mədəni, elmi və turizm sahələrində əməkdaşlıq daxildir. Ölkələrimiz arasında ticarət əlaqələri genişlənməkdədir, getdikcə daha çox macar şirkəti Azərbaycana sərmayə yatırır, qaz hasilatı üzrə konsessiyalarda pay sahibiyik. Birbaşa aviareyslər turizmin artmasına və işgüzar səfərlərin təşviqinə töhfə verir. Macarıstan “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində azərbaycanlı tələbələr üçün macar universitetlərində yüzlərlə təqaüd ayırır. Universitetlərimiz arasında əməkdaşlıq da getdikcə artır. Genişlənən turizm insanlarla insanlar arasında əlaqələri gücləndirir.

Gələcək isə Azərbaycanın mühüm rol oynadığı Orta Dəhlizin artan əhəmiyyəti ilə müəyyən olunur. Bu, Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi və şaxələndirilməsi üçün imkan yaradır ki, burada macar kapitalı, təcrübəsi və biliyi faydalı ola bilər. Qara dənizin altından keçəcək yeni enerji kabeli layihəsi Bakı üçün unikal bir fürsət yaradır. Bu, təkcə Macarıstanın enerji idxalına töhfə vermir, eyni zamanda Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə kömək edir”.

Baş müşavir ölkəsinin Avropa ilə türkdilli dünya arasında körpü qurmağa çalışdığını qeyd edib: “Tarixi köklərimiz və ortaq irsimiz səbəbindən türkdilli ölkələr Macarıstanın təbii tərəfdaşlarıdır. Macarıstan xarici siyasətində dəyişiklik etmək və “Şərqə Açılış” doktrinasını həyata keçirmək qərarına gələndə, ilk növbədə diplomatik nümayəndəliklərini genişləndirdiyi və fəaliyyətlərini artırdığı ölkələr türkdilli ölkələr olub. Türkdilli dünya dünyanın ən sürətlə inkişaf edən regionlarından biri kimi qiymətləndirilir, Macarıstan bu çərçivədə iqtisadi əlaqələrin artmasını və qlobal siyasi məsələlərdə etibarlı tərəfdaşların olmasını gözləyir. Macarıstan türkdilli dünyanın uğur hekayəsinin bir hissəsi olmaq və Avropada türkdilli ölkələr üçün sabit və təhlükəsiz baza təmin etmək istəyir. Biz Avropa ilə türkdilli dünya arasında körpü qurmağa çalışırıq”.

Aysel Məhərrəmli