BAKI, 17 may. TELEQRAF

"Livan öz suverenliyini bərpa etmək və İsraillə sərhəddə təhlükəsizliyi gücləndirmək məqsədilə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini həyata keçirmək üçün səylərini artırır".

Teleqraf xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam Ərəb Dövlətləri Liqasının (ƏDL) Bağdadda keçirilən 34-cü sammitinin açılışında çıxış edərkən bildirib.

Baş nazir qeyd edib ki, Livan hələ də İsrailin işğalından və atəşkəs rejiminin hər gün pozulmasından əziyyət çəkir.

"Ölkəmiz üçün bu vəziyyət dözülməzdir. Buna görə də biz ərəb qardaşlarımızı İsraili hücumlarını dayandırmağa və qoşunlarını Livan ərazisindən tamamilə çıxarmağa məcbur etmək üçün beynəlxalq ictimaiyyətə təzyiq göstərməyə çağırırıq", – deyə N. Salam vurğulayıb.

Baş nazir Livanın yeni hökumətinin qonşu dövlətlərin işlərinə qarışmamağa sadiqliyini də ifadə edərək, ölkəsinin ərəb ölkələri ilə strateji tərəfdaşlıq qurmaq niyyətində olduğunu bildirib.

Baş nazir ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarını alqışlayıb və bunun Livan və bütün region üçün müsbət nəticələr verəcəyini qeyd edib.

"Biz, həmçinin köçkün suriyalıların vətənlərinə qaytarılması prosesinin qurulmasında Dəməşqlə əməkdaşlığa hazırıq və bu məsələdə dost ölkələrin köməyinə ümid edirik", – deyə o, söyləyib.