BAKI, 1 aprel. TELEQRAF

"Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ hərəkatı dayandırılmalıdır" açıqlaması heç də birmənalı şəkildə izah oluna bilməz. Maraqlıdır ki, “hərəkatı” dayandırmaq dedikdə o nəyi nəzərdə tutur? Fakt odur ki, hələ də Ermənistanda separatçı qurumlar fəaliyyət göstərir. Ləğv edilmiş separatçı qurumun sonuncu başçısı Samvel Şahramanyan Qarabağdan çıxdıqda “fəaliyyətlərinə” xitam verdiklərini açıqlamışdı. Amma indi onlara Ermənistanda ofis veriblər ki, fəaliyyətinizi bərpa edin".

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov deyib.

Deputatın fikrincə, Paşinyan ilk növbədə separatçıların Ermənistanda hansı statusla fəaliyyət göstərdiyinə aydınlıq gətirməlidir: “İndiyə kimi İrəvanda “Qərbi Ermənistan” hökuməti və ona aid televiziya fəaliyyət göstərir. Baş nazir zəhmət çəkib bu qondarma qurumların fəaliyyətinə xitan versin. Bunları etmədiyi halda, Azərbaycana qarşı iddialar səsləndirməyin mənası yoxdur. Qərbi Azərbaycan mövzusunu özlərinə təhdid kimi qiymətləndirmək əvəzinə onun ictimai təşkilat kimi tarixlə, mədəni irsin qorunması ilə məşğul olduğunu dərk etmək lazımdır”.

“Qarabağ hərəkatı” ilə Qərbi Azərbaycan mövzusunu müqayisə etmək məntiqdən uzaqdır. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıdır. Azərbaycanın isə Ermənistana qarşı ərazi iddiası yoxdur. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, biz Zəngəzura və azərbaycanlıların tarixən yaşadığı ərazilərə tanklarla deyil, avtomobillərlə getmək istəyirik. Çünki Qərbi azərbaycanlıların tarixi ata-baba ocaqlarına qayıtmaq hüququ var”, - deputat əlavə edib.