BAKI, 28 fevral. TELEQRAF

Ermənistanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə Azərbayacanın cavabı birmənalı qarşılanmayıb. Kommunikasiyaların bloklanması və qarşılıqlı silahlara nəzarət mexanizmi kimi digər sahələr üzrə təkliflərə rəsmi Bakı cavab verməyib. Diqqətçəkən məsələ silahlara qarşılıqlı nəzarətin edilməsidir.

Teleqraf-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bunu Ermənistanın sülh danışıqlarına əlavə şərt qoşmaq cəhdi kimi dəyərləndirib.

Sabiq nazir bildirib ki, hazırda sülh mətni üzərində Bakı ilə İrəvan arasında yazışmalar davam edir: “17 bəndlik sülh razılaşmasının iki bəndi üzərində fikir mübadiləsi aparılır. Bundan öncə 15 maddənin razılaşdırıldığı açıqlanmışdı. Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar çıxarılsa, sülh prosesini irəliyə aparmaq mümkün olacaq. Regional kommunikasiyalarla bağlı müzakirələr isə Azərbaycan, Rusiya və Ermənistan arasında aparıla bilər. Bu məsələdə Bakı ilə İrəvan arasında birbaşa danışıqların hansı formatda aparılması hələ dəqiqləşməyib”.

“Digər mövzuları gündəmə gətirib onu ilkin şərt kimi önə çəkmək danışıqları pozmağa hesablanıb. Silahlara qarşılıqlı nəzarətlə bağlı Ermənistan tərəfindən səslənən iddialar reallıqdan uzaqdır. Burada İrəvanın hansısa şərtlə danışmağa ixtiyarı yoxdur. Belə təkliflər Azərbaycan tərəfindən birmənalı qarşılanmır”, - Elmar Məmmədyarov bildirib.

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadəyə görə, Ermənistanın silahlara qarşılıqlı nəzarətlə bağlı təklifləri reallıqdan uzaqdır.

“Ermənistan ikinci Qarabağ müharibəsindən sonra silahlanmaqda davam edir. Fransa, Rusiya və Hindistan kimi ölkələr İrəvanı silahlandırır. Silahlara nəzarətlə bağlı İrəvanın indiki ritorikası başadüşülən deyil. Bu erməni tərəfinin növbəti oyunudur. Sözsüz ki, silahlanma bölgə üçün yeni təhdidlər yaradır. Bunun fonunda regional kommunikasiya xəttlərinin blokadadan çıxarılmaması gərginliyi artıran amillər sırasındadır”, - o qeyd edib.

Deputat son zamanlar Ermənistan Baş naziri Nikol Paşinyanın kommunikasiyaların açılması ilə bağlı ardıcıl açıqlamalarına da diqqət çəkib: “Amma bu nəticə deyil. Azərbaycana sülh lazımdır. Bölgədə stabillik təmin olunmalıdır. Bunun üçün regional kommunikasiya xəttləri açılmalıdır. Ermənistan ərazi iddialarına son qoyaraq addım atsa, regional əməkdaşlıq üçün imkanlar yarana bilər”.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Ermənistanın sülh mətnindən əlavə iki mövzunu yəni, silahlara qarşılıqlı nəzarət və kommunikasiyaların blokdan çıxarılması ilə bağlı açıqlamaları məntiqdən uzaqdır.

“Burada silahların yuxarı həddi ilə bağlı səslənən təkliflər rəsmi Bakı tərəfindən rədd edilib. Bu anlaşılandır. Çünki Ermənistanla hələ də mürəkkəb vəziyyət mövcuddur. Şimalda amansız, yırtıcı Rusiyanın, cənubda isə böyük iddiaları olan İranın təhdidləri var. Ona görə də Azərbaycanla Ermənistan arasında silahlanma ilə bağlı zəruri müqayisə aparmaq absurddur”, - o əlavə edib.