BAKI, 14 fevral. TELEQRAF

"Ermənistan tərəfindən son günlər Zəngəzur dəhlizinin açılması ilə bağlı səslənən müxtəlif versiyalar onların prosesi başqa səmtə yönəltmək cəhdidir. Faktiki olaraq rəsmi İrəvan prosesi ləngitmək üçün fərqli yollara əl atır. Qısa zamanda verilən ziddiyyətli açıqlamalar bunu təsdiq edir. Məqsəd zəruri olmayan məsələləri gündəmə gətirməkdən ibarətdir".

Bu sözləri Teleqraf-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat bildirib ki, Ermənistan prosesi uzadıb, yekun qərarların verilməməsinə çalışır:

“Sözsüz ki, bu oyunlar onlara baha başa gələcək. Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir. Onlar bunu bilməli və ciddi yanaşmalıdırlar. Əks halda, yeni problemlər və faciələrlə üzləşəcəklər”.

Asim Mollazadəyə görə, qapalı vəziyyətdə qalmış Ermənistan yaranacaq yeni şəraitdə dövlət olaraq “burnunu” belə bayıra çıxara bilməyəcək:

“Zəngəzur dəhlizinin açılması ilə bağlı mühüm çağırışlar var. Bunun üçün beynəlxalq təzyiqlər mövcuddur. Ona görə də erməni tərəfi geri çəkiləcək. Beləliklə, İrəvan götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur qalacaq. Başqa yolları yoxdur. Hələlik isə, Nikol Paşinyan komandası daxili problemlərin həlli naminə digər prosesləri uzatmaqla məşğuldur”.

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan açılacaq yollardan Azərbaycana məxsus yüklərin yoxlama olmadan daşınmasının mümkünlüyünü bildirmişdi.