
BAKI, 10 fevral. TELEQRAF
Fransa 26 ədəd “Bastion” zirehli transportyorunun ilk 10-nun istehsalını başa çatdırıb və onların yaxın vaxtlarda Ermənistana çatdırılması gözlənilir. Eyni zamanda Fransanın KNDS şirkəti artıq Ermənistana 155 mm kalibrli 12 “SEZAR” özüyeriyən artilleriya qurğusu verib və ilin sonuna kimi daha 24 bölmənin İrəvana göndərilməsi planlaşdırılır. Gürcüstanın Poti və Batumi limanları vasitəsi ilə Ermənistana yüzlərlə avtonəqliyyat vasitəsi gətirilib. Yerüstü avadanlıqlarla yanaşı, regional sabitliyə xüsusi təhlükə yaradan Hindistanın “BrahMos” və ASTRA raket sistemlərinin Ermənistana tədarükü ilə bağlı danışıqlar aparılır. Bütün bunlarla yanaşı, Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri yeni hava hücumundan müdafiə və radio-elektron döyüş mövqeyi qurub. Yeni qurulan mövqe Azərbaycanla şərti sərhədin yaxınlığında yerləşir.
Görəsən, Azərbaycanla sülh danışıqları ərəfəsində olan Ermənistanın intensiv şəkildə silahlanması hansı mətləblərdən xəbər verir? Belə halların dəfələrlə müşahidə edilməsi regiondakı stabil vəziyyəti təhlükə altına atmırmı?
Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev Ermənistanın sürətli silahlandırılmasının regionda heç də yaxşı hal kimi dəyərləndirilmədiyini qeyd edib.
Bu dövlətin silahlanmasına Fransanın daim dəstək nümayiş etdirdiyini söyləyən deputat vurğulayıb:
“NATO üzvü Fransanın Ermənistanı silahlandırması birmənalı deyil. İrəvanın bu silahları almaq imkanı yoxdur. Ermənistandakı Avropa İttifaqının mülki “missiya"sı əslində, vizual kəşfiyyatla məşğuldur. “Missiya"nın bölgədə qalmaq müddəti daha iki il uzadılıb. Onlara "daimi nümayəndəlik statusu"nun verilməsi də nəzərdə tutulur. Azərbaycan tərəfindən proseslər diqqətlə izlənilir.
Hər hansı addım atılacaqsa, qarşısı qətiyyətlə alınacaq. Hansısa kredit adı altında silahlar Ermənistan göndərilir. Bu, rəsmi Parisin regiondakı məkirli siyasəti ilə bağlıdır. Məqsəd Rusiyanı bölgədən çıxarmaqdır. Ermənistan-Türkiyə sərhədi həm də NATO-Rusiya sərhəddi hesab edilir. Həmin sərhəddə isə rus hərbiçiləri dayanır. Eyni zamanda Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi hərbi bazası var”.
Deputat əlavə edib ki, Ukraynada fiaskoya uğramış planlarını Cənubi Qafqazda reallaşdırmaq istəyən qüvvələr var:
“Baş verənlər fonunda İranın susqunluğu təəccüblüdür. İranın Ermənistandakı səfiri Mehdi Sübhani iki ölkə arasında tərəfdaşlıq müqaviləsinin imzalanacağını açıqlayıb. Bütün bunlar Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsinin imzalanmasına zərbə vurmağa hesablanıb. Sözsüz ki, bu kimi cəhdlər bölgədə yenidən müharibənin alovlanmasına səbəb ola bilər. Naxçıvan istiqamətində erməni tərəfinin atdığı addımlar, Kəlbəcər istiqamətində yeni səngərlərin qazılması təxribat elementlərinin göstəricisidir. Amma bütün bunlara baxmayaraq, sülh tərəfdarı olan Azərbaycan özünə qarşı olan təhdidlərə də ən sərt formada cavab verməyə hazırdır”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə hesab edir ki, Ermənistan ordusunu hazırkı durumdan çıxarmaq üçün müəyyən addımlar atılır:
“Fransadan, Hindistandan, Yunanıstandan, ABŞ-dən alınan silahlar da bu məqsədlərə xidmət edir. Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan Brüsseldə NATO-nun hərbi komitəsinin iclasında Fransa ordusunun quru qoşunlarının komandanı ilə görüşüb. Məqsəd Fransa ordusunun təcrübəsinin Ermənistan silahlı qüvvələrində tətbiqinə nail olmaqdır. Görünən odur ki, rəsmi Paris İrəvanı bundan sonra daha aktiv şəkildə silahlandıracaq. Fransanın müdafiə naziri Sebastian Lekornunun Ermənistana səfəri də məhz bu məqsədlərə xidmət edirdi”.
Ekspert bildirib ki, Ermənistan Azərbaycanla bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir. İrəvan hələ ötən il geri qaytarmalı olduğu 4 yaşayış məntəqəsini (Qazaxın 3 kəndi, Naxçıvanın Kərki kəndi) hələ də təhvil vermək istəmir. Verilən açıqlamaya görə, mart-aprel aylarında bu məsələ həll olunacaq. Sözsüz ki, bütün bunlar sülh prosesinə təsir edən amillər sırasındadır:
“İrəvanın davamlı olaraq silahlandırılması və bir çox məsələlərdə şirnikləndirilməsi prosesləri fərqli istiqamətlərə apara bilər. Amma bu kimi məsələlərə çox da köklənmək lazım deyil. Fransa başda olmaqla digər ölkələrin Ermənistanı davamlı olaraq silahlandırması onu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşdırmağa hesablanıb. Məqsədləri Rusiyanın Ermənistan ərazidəki “102-ci hərbi bazası"nın çıxarılmasına nail olmaqdır. Qərb dövləti, ümumiyyətlə, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına çalışır. Bunun üçün də əllərindən gələni edir. Bütün bunlar Cənubi Qafqazda proseslərin gərgin keçəcəyini göstərir. Bir çoxları bunu yeni müharibə təhlükəsi kimi də dəyərləndirir. Amma bu məntiqi baxımdan mümkün deyil. Azərbaycan üçün heç bir narahatlıq yoxdur”.
Digər ekspert, politoloq Oqtay Qasımovun fikrincə, Ermənistanın sülh ritorikası fonunda sürətlə silahlanması regional təhlükəsizliyə ciddi təhdid yaradır.
“Ermənistanın sülh prosesini uzatması məhz bununla bağlıdır. İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki lokal antiterror tədbirlərindən sonra bu ölkə ordusunun yenidən toparlanması üçün ən azı 4-5 il zaman lazım olduğu açıqlanmışdı. İndi məhz bu siyasət həyata keçirilir. Ermənistanın silahlanması ilə bağlı Azərbaycan Prezidenti tərəfindən açıq mövqe ifadə edilib. İrəvanı silahlandıran ölkələrə açıq xəbərdarlıq olunub. Həmin müqavilələrin ləğvi tələb edilib. Bu gün Fransa, Hindistan, Yunanıstan və Yunan Kipri tərəfindən silahlandırılan Ermənistanın ərazisindəki Avropa İttifaqının mülki “missiyası"nın da müddəti daha iki il uzadılıb. Bütün bunlar isə vəziyyəti gərginləşdirən əsas amillərdəndir. Atılan addımlar bölgədə sülhə və təhlükəsizliyə başlıca təhdiddir. Amma iri miqyaslı hərbi əməliyyatların başlaması ehtimalı azdır. Sözsüz ki, bu proseslər Azərbaycan tərəfindən diqqətlə izlənilir. Əgər hansısa təhdid olacaqsa, rəsmi Bakı adekvat sərt preventiv tədbirlər görəcək”, - deyə Oqtay Qasımov mövzuya münasibət bildirib.