Hazırda ABŞ-da Azərbaycanla Ermənistan arasında çərçivə sülh sazişi üzərində iş gedir. Artıq sülh mətni razılaşdırılmalıdır. Ümidlər var. Bununla bağlı davamlı danışıqlar gedir. Sözsüz ki, çərçivə sülh sazişi hansısa prinsiplərin bir mətndə birləşməsi deməkdir. Bura həmçinin hansısa yol xəritəsi şəklində bir sənəd də əlavə ediləcək. Həmin sənəddə gələcəkdə görüləcək işlər barədə vacib qeydlər əksini tapacaq.
Bunu Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O qeyd edib ki, delimitasiya və demarkasiya prosesi, kommunikasiyaların açılması məsələsində Azərbaycan reperasiya prinsipi ilə işlərin aparılmasını təklif edəcək:
“Burada ermənilərin istəyi ilə Qarabağın hansısa bir formada “statusu” ilə bağlı iddiaların müzakirəsi isə mümkün görünmür. Çünki bununla bağlı ABŞ dövlət katibi Entoni Blinken məsələnin gələcək mərhələlərdə müzakirə edilməsi ehtimalından danışıb. O qeyd edib ki, gələcəkdə milli azlıqların hüquqlarına bu və ya digər şəkildə baxıla bilər. Bu da qarşılıqlı şəkildə olacaq. Əgər ermənilər Qarabağda belə bir iddia ilə çıxış edəcəklərsə, azərbaycanlılar da Zəngəzurda bu təkliflə çıxış edəcək. Məhz həmin sənəddə də bu öz əksini tapsa, bu, Azərbaycanın maraqlarına uyğun variant ola bilər. Amma hələ ki, proseslərin gedişi məhz bunu deməyə əsas verir”.
Sabiq nazir hesab edir ki, çərçivə sülh sazişində ikitərəfli qaydada prinsiplərin öz əksini tapmasından bəhs ediləcək:
“Çünki burada ərazi bütövlüyü prinsipi və onun implementasiyası, yəni təmin olunması vaxt tələb edir. Eyni zamanda kommunikasiyaların işlək hala gəlməsi ilə bağlı hansısa bəyanatı vermək olar. Amma bunların həyata keçirilməsi prosesi çərçivə sülh prosesindən sonra baş verməlidir. Vaxt tələb edən məsələlər məhz bunu ehtiva edir. Sadəcə olaraq çərçivə sülh sazişi sənədinin əhəmiyyəti bizüm üçün ondan ibarətdir ki, Ermənistan rəsmi olaraq ərazi iddialarından imtina edəcək. Bu da siyasi baxımdan vacib məsələdir. Sözsüz ki, bu proseslərin sonrakı gedişinə təkan verən mühüm sənəd olacaq. Bu sənəd mütləq qəbul edilməlidir. Gələcək sülh prosesi məhz bunun üzərində qurulacaq”.
Tofiq Zülfüqarova görə, sənədin işlənməsi və razılaşmaşdırılması prosesi Vaşinqtonda baş tuta bilər:
“Sadəcə olaraq Ermənistanın siyasi ənənəsi onların dəyişkən mövqeyi burada prosesi poza bilər. Amma bunun baş verməsi fonunda Vaşinqtonda ümumi razılaşdırılmış sülh mətninin əldə olunması gözlənilir".