ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Huqo Gevara ikitərəfli əlaqələrə verdiyi dəstəyə görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təşəkkürünü bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) üzvlərinin nahar yeməyində iştirak edib.
Gevara ikitərəfli əlaqələrə verdiyi dəstəyə görə xarici işlər nazirinə təşəkkürünü bildirib.
O, ABŞ-ın Azərbaycanın enerji sektorunun şaxələndirilməsinə verdiyi dəstəyi, habelə qadınların iqtisadiyyatda iştirakının vacibliyini vurğulayaraq “AmCham” və ABŞ şirkətləri ilə birgə çalışan ABŞ səfirliyinin Azərbaycanda innovasiya və artımın stimullaşdırılmasında göstərə biləcəyi rolu vurğulayıb.