“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə səfəri, burada xüsusi əhəmiyyətə malik olan hava limanının açılışı prosesində şəxsən iştirak etməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xüsusi təkan verən hadisədir. Ümumiyyətlə Füzulidə hava limanının tikilməsi və onun qısa müddətdə fəaliyyətə başlaması Zəngəzur dəhlizi ilə bağlı məsələlərə də müəyyən qədər aydınlıq gətirir. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti Füzulidə elə-belə hava limanı açmır”.
Bunu Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
O əlavə edib ki, hava limanın tikintisi müəyyən məqsədlər nəzərə alınaraq tikilib və fəaliyyətə açılıb: “Bəli, bu hadisə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin güclənməsinə səbəb olmaqla yanaşı, Azərbaycanın güclənməsinin növbəti təzahürüdür. Hesab edirəm ki, hava limanının açılışı ilkin mərhələdə həm də Zəngəzur dəhlizinin açılmasının ilkin mərhələsi kimi qiymətləndirilə bilər. Başqa sözlə, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılacağının şahidi olacağıq”.
Partiya sədri qeyd edib ki, Türkiyə Prezidenti Ərdoğanın təyyarə ilə məhz Füzuli hava limanına eniş etməsinin də xüsusi əhəmiyyəti olmaqla yanaşı dost və düşmənlərə bir mesajdır:
“Bu bütövlükdə dünyaya bir jestdir. Ərdoğan nümayiş etdirir ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Bu da əhəmiyyətli məqamdır. O ayrı məsələdir ki, Füzuli Hava Limanının açılışı Qarabağ bölgəsində inkişafa səbəb olacaq, bura gediş-gəlişləri asanlaşdıracaq və bölgənin inkişafında xüsusi əhəmiyyətə malik olacaq”.