BAKI, 8 avqust. TELEQRAF

"Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ Evdə tarixi sülh sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm".

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında belə yazıb.

O bildirib: "Bu iki millət uzun illərdir ki, minlərlə insanın ölümü ilə nəticələnən müharibə aparır. Bir çox liderlər indiyə qədər bu müharibəni bitirməyə çalışsa da, heç bir uğur əldə etməyiblər. Bu, “Tramp” sayəsində mümkün oldu. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə iş aparır. Sabah Prezident Əliyev və Baş nazir Paşinyan mənimlə birlikdə Ağ Evdə sülh imzalanma mərasimində iştirak edəcəklər".

D.Tramp eyni zamanda Birləşmiş Ştatların iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacağını da qeyd edib: "Biz bununla Cənubi Qafqaz regionunun potensialını tam şəkildə aça bilərik. Mən bu cəsarətli liderlərlə Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün iş gördüklərinə görə çox fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi gün olacaq".