BAKI, 10 aprel. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu söyləyib.

Teleqraf xəbər verir ki, ölkə başçısı "Yeni dünya nizamına doğru" mövzusunda ADA universitetində keçirilən beynəlxalq forumda sualları cavablandırıb.

O, Ermənistanda həm fəal, həm də passiv revanşistlərin olduğunu bildirib.

Prezident deyib: "Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər".

Dövlət başçısı qeyd edib ki, Ermənsitan sülh sazişi imzalanana, "konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edənə və Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər" həmişə yeni hərbi qarşıdurma təhlükəsini törədəcək.