
BAKI, 10 aprel. TELEQRAF
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Ağdam rayonunun Sarıcalı kəndinə çatan ailələrə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Teleqraf xəbər verir ki, bu mərhələdə Sarıcalı kəndinə 39 ailə - 153 nəfər köçürülüb. Sarıcalıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
***
07:00
Ağdam rayonunun işğaldan azad olunan və yenidən qurulan Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.
Teleqraf xəbər verir ki, bu mərhələdə kəndə 39 ailə - 153 nəfər köçürülüb.
Onlar ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bakı şəhərindən 22 ailə (85 nəfər), Bərdədən 4 ailə (18 nəfər); Biləsuvardan 2 ailə (9 nəfər); Ağdamdan 3 ailə (8 nəfər); Ağcabədidən – 2 ailə (8 nəfər); Yevlaxdan – 2 ailə (8 nəfər); Abşeron rayonundan – 1 ailə (6 nəfər); İmişlidən – 1 ailə (6 nəfər); Ucardan – 1 ailə (3 nəfər); Mingəçevirdən – 1 ailə (2 nəfər) doğma yurduna qayıdıb.
Bakı şəhərindən və Abşeron rayonundan köçürülən 23 ailə (91 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən yola düşüblər. Onları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri yola salıb.
Yevlax və Mingəçevir şəhərlərində, Bərdə, Ağcabədi, Ağdam, Biləsuvar, İmişli və Ucar rayonlarında məskunlaşmış 16 ailə (62 nəfər) isə məskunlaşdıqları ərazidən yola salınacaq və Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.
Köçürülənlər Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Beləliklə, bu son köç də nəzərə alınmaqla Sarıcalı kəndinə 76 ailə (299 nəfər) qayıtmış olacaq.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.