
“Azərbaycan postsovet məkanında separatizm və işğala son qoyan ilk ölkə oldu”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, separatçı rejiminin özünü buraxması, ermənilərin könüllü Qarabağı tərk etməsi fonunda Rusiya sülhməramlılarına ehtiyac qalmayacaq:
“Hesab edirəm ki, Rusiya sülhməramlıları 2025-ci ildən tez ərazimizi tərk edə bilərlər. Azərbaycan postsovet məkanında Rusiya əsaslı separatizm və işğala son qoyan ilk ölkədir. Bununla 200 illik bədnam siyasətə öldürücü zərbə vurduq. Azərbaycan yeni geosiyasi reallıqdan məharətlə istifadə edərək, prosesi öz leyhinə dəyişə bildi. Artıq bu reallıq qlobal çərçivədə də qəbul olunur. Əleyhimizə yönəlmiş bəyanatlar isə heç nəyi dəyişməyəcək, bir müddət sonra hər kəs susacaq.
Cənubi Qafqazın digər ölkəsi – Gürcüstan yeni geosiyasi vəziyyətdən istifadə edə bilmədi. Tiflisin Avropa əvəzinə, yenidən Kremlə boylanması heç də onun yaxın perspektivdə öz ərazi bütövlüyünü təmin etməsinə gətirib çıxarmayacaq. Halbuki Qərb Ukrayna müharibəsi fonunda Tiflisdən Abxaziya və Cənubi Osetiyada separatçılara qarşı əməliyyata başlayacağını gözləyirdi. Hakim “Gürcü Arzusu” Partiyası bu yöndə verilən mesajlara sərt təpki göstərdi. Qərbin bu siyasətini Rusiyaya qarşı müharibə kimi qiymətləndirdi.
Hazırda postsovet məkanında separatizm və işğala qarşı mübarizəni Ukrayna davam etdirir. Hesab edirəm ki, Moldova da bir müddətdən sonra öz ərazisində separatizmə son qoyacaq. Bu da Rusiyanın Ukraynada hərbi məğlubiyyəti fonunda reallaşacaq”.
Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanın Türkiyə ilə siyasi-hərbi müttəfiqliyi inkişaf etdirməsi regionda güc balansını Rusiyanın əleyhinə dəyişdirib:
“Gürcüstan da Türkiyə ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etdirsəydi, ərazi məsələləri ilə bağlı müsbət nəticələr əldə edə bilərdi.
Qərbə gəlincə, o, özünə potensial təhlükə görmədikcə, münaqişələrə birbaşa müdaxilə etmir. Regional münaqişələrdə Qərbə arxalanmaq yeni fəsadlara yol açır. Rusiyaya gəlincə, Azərbaycan-Türkiyə tandeminin apardığı siyasət göstərdi ki, Moskvada yalnız güc amili ilə hesablaşırlar”.